sedanews.az
sedanews.az

Müəllim – gələcəyə yol göstərən işıq

Bugün, 10:20


    Bu gün cəmiyyətin ən müqəddəs və şərəfli peşələrindən birinin sahiblərini – müəllimləri özəl ehtiram və minnətdarlıqla yad edirik.
Müəllim yalnız dərs deyən, şagirdə bilik öyrədən insan deyil. Müəllim uşağın dünyagörüşünün formalaşmasına, onun şəxsiyyət kimi yetişməsinə, həyata baxışının müəyyənləşməsinə təsir edən böyük bir yol göstərəndir. Bəzən bir müəllimin dediyi bir cümlə, verdiyi bir məsləhət, göstərdiyi diqqət illər sonra belə insanın yaddaşında yaşayır.
  Hər birimizin həyatında iz qoyan bir müəllim olub. Kiminsə ilk oxumağı öyrədən ibtidai sinif müəllimi, kiminsə gələcək peşəsini seçməsinə səbəb olan fənn müəllimi, kiminsə çətin günündə ona inam verən, “sən bacararsan” deyən müəllimi...
  Müəllim əməyinin ən böyük mükafatı isə illər sonra yetişdirdiyi şagirdlərin uğurunu görməkdir. Bu gün müxtəlif sahələrdə çalışan həkimlərin, mühəndislərin, jurnalistlərin, alimlərin, hərbçilərin, dövlət qulluqçularının və digər peşə sahiblərinin uğurunda onların ilk müəllimlərinin də əməyi var. Çünki böyük uğurların təməli çox vaxt məktəb partası arxasında qoyulur.
  Müəllim olmaq sadəcə peşə deyil, böyük məsuliyyətdir. Sinfə daxil olan müəllim qarşısında yalnız dərs keçəcəyi şagirdləri deyil, gələcəyin insanlarını görür. Ona görə də müəllimin hər sözü, hər davranışı, hər münasibəti bir uşağın həyatında iz buraxa bilər.
  Xüsusilə ibtidai sinif müəllimlərinin üzərinə düşən məsuliyyət daha böyükdür. Çünki onlar uşağın məktəb həyatına ilk addımlarını müşayiət edir, ona oxumağı, yazmağı, öyrənməyi öyrətməklə yanaşı, dostluğu, paylaşmağı, zəhməti və insanlara hörmət etməyi də aşılayırlar.
  Bu gün müəllimlərimizin qarşısında baş əyir, onların fədakar əməyinə, səbrinə və sonsuz sevgisinə görə təşəkkür edirik.
    Əziz müəllimlər!
  Sizin yetişdirdiyiniz hər bir şagird gələcəyə qoyduğunuz bir imzadır. Bu imza illər keçsə də silinmir. Çünki müəllimin əməyi yalnız sinif otağında deyil, bütövlükdə cəmiyyətin gələcəyində yaşayır.
   Zamanın dəyişmədiyi bir xatirə
  Bu gün yalnız aramızda olan müəllimləri deyil, artıq dünyasını dəyişmiş, lakin xatirələri yaddaşımızda əbədi yaşayan müəllimləri də ehtiramla anırıq.
   Onlar bu dünyadan köçsələr də, öyrətdikləri biliklər, verdikləri tərbiyə, şagirdlərinin həyatında qoyduqları iz yaşayır. Bəlkə də illər əvvəl sinif otağında səsləndirdikləri bir cümlə, yazı taxtasında yazdıqları bir söz, şagirdlərinə göstərdikləri qayğı bu gün də kiminsə həyatında öz əksini tapır.
  Çünki müəllim gedəndə onunla birlikdə yalnız bir insan dünyadan köçmür. Onun yetişdirdiyi yüzlərlə, bəzən minlərlə şagirdin yaddaşında bir ömürlük xatirə qalır.
  Bu gün mənim üçün də müəllimlər haqqında danışmaq xüsusi bir duyğudur. Çünki anam Zoya müəllimə  bu müqəddəs peşəyə ömrünü həsr etmiş bir insan olub.  Anam uzun illər Quba rayonu 3 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışıb və 
  O, illər ərzində neçə-neçə uşağın məktəbə ilk addımlarına şahidlik edib, onlara ilk hərfləri, ilk sözləri, oxumağı və yazmağı öyrədib. Bu gün onun keçmiş şagirdləri müxtəlif şəhərlərdə, müxtəlif peşələrdə həyatlarını davam etdirirlər. Və onların bir çoxunun yaddaşında uşaqlıq illərinin ilk müəllimi kimi anamın da adı yaşayır.  
  Məhz buna görə müəllimlik mənim üçün sadəcə bir peşə adı deyil. Bu sözün arxasında böyük zəhmət, səbr, fədakarlıq və insan yetişdirmək məsuliyyəti dayanır.
  Bu gün dünyasını dəyişmiş bütün müəllimlərimizi də rəhmət və ehtiramla yad edirik. Onların ruhu qarşısında baş əyir, yetişdirdikləri nəsillərə, cəmiyyətə və gələcəyə verdikləri töhfələrə görə minnətdarlığımızı bildiririk.
  Müəllim dünyasını dəyişə bilər, amma onun öyrətdikləri və yetişdirdiyi insanlar yaşadıqca, onun izi də yaşayır.
Allah dünyasını dəyişmiş bütün müəllimlərə rəhmət eləsin, həyatda olan müəllimlərimizə isə uzun ömür, möhkəm can sağlığı və şagirdlərinin uğurlarını görmək xoşbəxtliyi nəsib etsin.
  Bütün müəllimlərimizin – həm həyatda olanların, həm də əbədi olaraq xatirələrimizdə yaşayanların Müəllimlər Günü mübarək!
Qoy hər bir müəllim yetişdirdiyi şagirdin uğuru ilə qürur duysun, hər bir şagird isə illər keçsə belə ona ilk yol göstərən müəllimini minnətdarlıqla xatırlasın.
  Sizə dərin hörmət və sonsuz təşəkkür, əziz müəllimlər!
     Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA