Azərbaycanın ehtiyat fondlarından ayırmalar 2 dəfədən çox azalıb
2024-cü ildə Azərbaycanın dövlət büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş 716,8 milyon manat vəsaitin 715,3 milyon manatı maliyyələşdirilib.
sedanews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 2,1 dəfə və 2,3 dəfə azdır.
Ötən il prezidentin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumların sifariş sənədləri əsasında maliyyələşdirilməsi həyata keçirilib, Bakı və Sumqayıt şəhərlərində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması üçün limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımı göstərilməsinə, Bakıda “Dini Liderlərin Qlobal Sammiti”nin təşkil edilməsinə və digər tədbirlərin icrasına sərf olunub.
Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən isə dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış 471,6 milyon manat vəsaitin 470,4 milyon manatının müvafiq qurumların sifariş sənədləri əsasında maliyyələşməsi həyata keçirilib, bir sıra şəhər və rayonlarda avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, bu il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.