sedanews.az
sedanews.az

Dəmir yolunu müəyyən edilmiş yerlərdən kənar keçənlər cərimələnəcək

7-03-2025, 14:40


Azərbaycanda dəmiryolu nəqliyyatından və dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə cərimələr artırılır, yeni cərimələr müəyyənləşir.
sedanevs.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.
Sənədə görə, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.
Həmçinin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Məcəlləyə əlavə edilən daha bir dəyişikliyə görə isə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.
Bununla bərabər, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manadan 80 manata qaldırılır.
Dəmiryolu nəqliyyatında qaydaların pozulmasına gəldikdə isə, dəyişikliyə görə, dəmir yolunun qardanmühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının ev avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilir. Hazırda bu cərimə 150 manatdır.
Eyni zamanda dəmir yolunda yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Hazırda bu cərimələr müvafiq olaraq, 30 və 100 manatdır.
Dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılır.
Həmçinin yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən daha bir dəyişikliklə isə dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq ediləcək. Hazırda qüvvədə olan qaydalara görə isə vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir.
Bununla bərabər, dəmiryolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə cərimənin məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA