"Son iki il bəşəriyyət pandemik dövr yaşayır".
APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
Nazir bildirib ki, ilk dövrdən başlayaraq dövlət başçısı vətəndaşların sağlamlığının qorunmasını bəyan edib: "Qısa müddətdə müasir avadanlıqla təchiz olunmuş xəstəxanalar istifadəyə verilib. Tələb olunan müasir dərman vasitələri ölkəyə gətirilib. Vətəndaşların mövcud vaksinlərə əlçatanlığı təmin olunub. Pandemiya bir daha göstərdi ki, ən böyük sərvət insan kapitalıdır".
T. Musayev vurğulayıb ki, nazirliklə yanaşı səhiyyə sektorunda fəaliyyət göstərən digər dövlət qurumları da var: "Səhiyyənin yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub. Qısamüddətli addımlar ilk öncə səhiyyənin effektiv idarə edilməsi, yeni təşkil olunmuş struktur və dövlət qurumları ilə aktiv əməkdaşlıqdır. Orta müddətli isə insan kapitalını, qanunvericiliyi gücləndirmək, yerli dərman və tibbi avadanlıqlar ilə təminat, maliyyələşdirilməni optimallaşdırmaqdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.