sedanews.az
sedanews.az

20 Yanvar – Azərbaycan xalqının qanla yazılmış şərəf və qəhrəmanlıq tarixi

Bugün, 10:51

     Bu gün – 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının taleyinə qan, göz yaşı və eyni zamanda milli oyanış kimi həkk olundu. Həmin gecə sovet imperiyasının çürümüş siyasəti dinc, silahsız insanlara qarşı misli görünməmiş vəhşilik törətdi. Lakin bu vəhşilik Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, azadlıq əzmini daha da gücləndirdi.
  1980-ci illərin sonlarında SSRİ-nin dağılmaqda olduğu bir vaxtda Azərbaycan xalqı öz hüquqlarını, milli suverenliyini tələb etməyə başlamışdı. Qarabağda erməni separatizminin alovlandırılması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Moskvanın buna göz yumması xalqın səbr kasasını doldurmuşdu. Bakı və ölkənin digər bölgələrində keçirilən dinc mitinqlər, etiraz aksiyaları sovet rəhbərliyini ciddi narahat edirdi.
   Mərkəzi hakimiyyət xalqın səsini dinləmək əvəzinə tankları, zirehli texnikanı və silahlı ordunu dinc əhalinin üzərinə yeritmək qərarına gəldi. 1990-cı il yanvarın 19-u axşam saatlarında Bakının informasiya mənbələri – televiziya və radio susduruldu, şəhər faktiki olaraq mühasirəyə alındı.
  Yanvarın 20-si gecəyarısı sovet ordusu Bakıya daxil oldu. Küçələrdə hərəkət edən insanlara, evlərində olan dinc sakinlərə, təcili yardım maşınlarına belə atəş açıldı. Qadın, uşaq, yaşlı demədən insanlar qətlə yetirildi. Rəsmi məlumatlara görə, 100-dən çox insan şəhid oldu, yüzlərlə insan yaralandı, minlərlə ailənin ocağına od düşdü.
   Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət idi. Sovet ordusu öz vətəndaşlarına qarşı silah işlətməklə imperiyanın əsl simasını açıq şəkildə göstərdi.
 20 Yanvar faciəsi Azərbaycan xalqını sarsıtsa da, onu qorxutmadı. Əksinə, bu qanlı hadisə milli azadlıq hərəkatının dönüş nöqtəsinə çevrildi. Xalq başa düşdü ki, azadlıq yalnız mübarizə ilə qazanılır.
  Həmin günlərdə ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyini açıq şəkildə ittiham etməsi böyük siyasi cəsarət nümunəsi idi. Bu mövqe faciəyə hüquqi-siyasi qiymət verilməsi yolunda mühüm addım oldu.
  Bu gün 20 Yanvar həm milli matəm, həm də qürur günüdür. Çünki o gecə canından keçən şəhidlər Azərbaycan xalqının azad yaşamaq haqqını bütün dünyaya nümayiş etdirdi. Şəhidlər Xiyabanı bu gün təkcə bir məzar yeri deyil, milli yaddaşın, vətən sevgisinin və qəhrəmanlığın müqəddəs məkanıdır.
  Azərbaycan bu gün müstəqil dövlətdirsə, ərazi bütövlüyünü bərpa edibsə, üçrəngli bayrağımız Qarabağda dalğalanırsa, bunun təməlində 20 Yanvar şəhidlərinin tökülən qanı dayanır.
   Unudulmur və unudulmayacaq
Aradan 36 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı 20 Yanvar faciəsini heç vaxt unutmayacaq. Çünki bu tarix azadlığın hansı bədəllə qazanıldığını xatırladır. Gənc nəsil bu faciəni bilməli, şəhidlərin xatirəsi daim uca tutulmalıdır.
20 Yanvar şəhidlərinin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini dərin ehtiramla yad edirik.
   Qanları yerdə qalmadı, adları tarixə qızıl hərflərlə yazıldı.
    Ruhunuz şad olsun, 20 Yanvar şəhidləri

     Sedanews.az
     Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA