sedanews.az
sedanews.az

Prezident onları vəzifəyə qoyanda nə demişdi, nə oldu…

26-04-2021, 11:46 15 dəfə baxılıb

Prezident onları vəzifəyə qoyanda nə demişdi, nə oldu…

Bizə ən adi görünən məsələlərdə belə dövlətimizin müstəqilliyinə ən ciddi təhdidlər gizlənə bilər. Fərqi yoxdur, istər rüşvətxorluq olsun, istərsə də adi bir şəbəkə məsuliyyətsizliyi - bir ucu dövlət təhlükəsizliyi məsələsinə gedib çıxa bilər və gedib çıxa bilir...
Dövlət müstəqilliyinin taleyinə görə hər bir kəsin məsuliyyəti var. Müharibədən yeni çıxmış Azərbaycan sürətlə bərpaolunma, mərus qaldığı təsirlərin nəticələrini aradan qaldırmaqdadır. Dövlət olduqca mürəkkəb və çoxistiqamətli olan bu məsələ ilə həm də elə məşğul olur ki, vətəndaş bu prosesin ağırlığını maksimum hiss etməsin. Heç bir sosial layihə təxirə salınmır, hər hansı iqtisadi böhran yaşanmır.
Bu təhlildə biz həm də ona çalışacağıq ki, aparılan işlərin tərkibində bir əxlaq, bir mənəviyyat varisliyinin olduğunu göstərək. Məsələn, tutaq ki, həyətdə 2020-ci ildir. Mart ayının 28-i... Prezident “Yeni klinika”nı xalqın ixtiyarına verir. Bu klinikada çalışacaq həkimlərə əminliklə üz tutur, onların məqamını Bakının ən uca yerinə, hətta Alov qüllələrinə qədər qaldırır, Hippokrat andını yadlarına salır:
“... Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq”.
Etiraf edim ki, Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin həbsindən sonra mən “Yeni klinika”nın açılışı ilə bağlı videomateriala bir neçə dəfə baxmışam. Elə indi həbsdə olan Pərviz Abbasovun o görüşdəki çıxışına da:
“Möhtərəm cənab Prezident, günümüzün tələblərinə uyğun, beynəlxalq standartlara cavab verən möhtəşəm bir tibb mərkəzinin açılışına görə bütün tibb işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Zamanında verilmiş fərmanlar, sərəncamlar, o cümlədən dövlət proqramları nəticəsində bizim çoxsaylı tibb mütəxəssisləri dünyanın müxtəlif ölkələrində tibbi ixtisasa yiyələnmişlər və onlar Vətənə qayıdaraq burada xidmət göstərirlər. Bir qisim həkimlərimiz xarici ölkələrdə fəaliyyət göstərir. Belə tibb mərkəzlərinin olması onların Azərbaycanda rahat işləmələri üçün şərait yaratmışdır. Müəssisəmiz yalnız tibbi xidmətin göstərilməsi deyil, eyni zamanda, ciddi elmi-tibbi tədqiqatların aparılması üçün vacib mərkəzlərdən biridir.
Cənab Prezident, biz həkimlər hər zaman Sizin dəstəyinizi, dövlətimizin dəstəyini hiss etmişik. Xüsusilə Sizin son zamanlar həkimlərə göstərdiyiniz dəstək bizi daim ruhlandırır və eyni zamanda, bizim məsuliyyətimizi ikiqat artırmış olur”.
“Məsuliyyətimizi ikiqat artırmış olur!” Amma yox. Yəqin ikiqat yox, indi daha artıq, üç, hətta maddə sayı ilə götürsək, 4, 5, 6 qat! Çünki ortada cinayət məsuliyyəti faktı da var. Baxırsan, qulaq asırsan və... izah etməyə söz tapmırsan. Hər belə fakt dövlətin göstərdiyi etimada zərbədir. Təkcə göstərdiyi yox, həm də göstərəcəyi növbəti etimadlara da. Axı “Yeni klinika”nın adı təsadüfən “Yeni klinika” qoyulmamışdı. Bu məhz klinikanın yarandığı şəraitin də yeni olmasına, tələblərin yeni olmasına işarə idi, səhiyyənin yeni çağırışlara hazır olmasına işarə idi. Xəstəxananın qarşısında duran məsələ də əlahiddə götürülmüş bir və ya bir neçə xəstəliklə mübarizə aparmaq deyildi, söhbət bütün planeti, bütün bəşəriyyəti ev dustaqlığına məhkum edən dəhşətli bəladan - korona virusdan, pandemiyadan gedirdi...
Bu gənc, perspektivli hesab olunan kadrın direktor təyin edilməsi faktına da biz bir az irəli gedərək yanaşmalıyıq. Gəlin yadımıza salaq, İlham Əliyev gənclərin irəli çəkilməsinə hansı fəlsəfədən, hansı zərurətdən yanaşır. Elə uzun fasilədən sonra ilk müsahibənin ölkənin ən gənc telekanalına verilməsi də təsadüfi deyildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar”.
İndi isə sizə, 2020-ci ildə baş vermiş başqa bir faktı təqdim edəcəm. Ötən il, mart ayının 5-də Prezident İsmayıllı və Neftçala rayonlarına yeni icra başçılarını təyin edərkən onları həm də qəbul etmişdi. Yəqin xatırlayırsız, bu, Neftçala rayonunda aparılmış əməliyyatlardan sonra idi, sensasiyalı faktlar üzə çıxmışdı ki, onların da bir hissəsi məhz rayonun Mərkəzi Xəstəxanasının baş həkimi ilə bağlı idi... Və Prezident də məhz yeni başçılara, gənc başçılara bu neqativ hadisə timsalında yeni təyinatın məsuliyyətini izah edirdi:
“Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir...”
Bu bir dərs olmalıydı... Ciddi dərs! Hamıya! O qəbulda Prezident gənc kadrlara niyə üstünlük verməsindən də danışmış, mənəvi yenilənmənin həm də bioloji təzəliklə üzvi bağlılığına inamını nümayiş etdirmişdi. Pərviz Abbasov və İmran Ağayev hadisəsində biz həm də İsmayıllı və Neftçala rayonlarının cavan rəhbərlərinə Prezidentin təxminən bir il əvvəl verdiyi tövsiyələri bir daha xatırlamaq istədik:
“Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.
Bax elə bütün bunlara görə gənc rəhbərlərin məsuliyyəti bir neçə dəfə artıq olmalıdır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA