sedanews.az
sedanews.az

“İşə düzəltmə” adıyla dələduzluq: Yağışdan sonra çıxan göbələk kimi ofislər insanları necə aldadır?

Dün, 11:10

   Son illər paytaxtda və böyük şəhərlərdə “işə düzəltmə” adı altında fəaliyyət göstərən müəmmalı ofislərin sayı durmadan artır. Bu firmalar, iş axtaran vətəndaşların ümidlərini sui-istifadə edərək, onları maddi və mənəvi zərərə salırlar. Gözdən uzaq, lakin çox mərkəzi yerlərdə yerləşən bu ofislər sanki “müştəri ovuna çıxmış” dələduz şəbəkələrə bənzəyir.
Vəd ver, pul al, yoxa çıx: Aldadılma mexanizmi
  Ən çox rast gəlinən üsul budur: iş axtaran şəxs bu tip ofislərin elanını görür, əlaqə saxlayır və ya birbaşa ofisə yaxınlaşır. Ona çox cazibədar maaş və ideal iş şəraiti təklif edilir. Lakin “sənədləşmə”, “qeydiyyat”, “əmək müqaviləsi hazırlığı” adı altında ondan 30-50 AZN arası məbləğ alınır. Daha sonra isə klassik cavab: “Gedin, sizinlə əlaqə saxlanılacaq”. Amma o zəng heç vaxt gəlmir...
Bəs vətəndaş nə etməlidir?
 Əvvəlcədən pul tələb edən ofislərə inanmayın. Heç bir rəsmi kadr agentliyi işə başlamamışdan əvvəl ödəniş istəmir.
Əlaqə və ünvan məlumatlarını yoxlayın. Qısa müddətlik kirayələnmiş ofislər tez-tez dəyişirlər.
Sertifikat və lisenziya tələb edin. Rəsmi fəaliyyət göstərən işə düzəltmə agentlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və ya İqtisadiyyat Nazirliyindən lisenziya almalıdır.
Aldadıldığınız təqdirdə DİN-in 102 xidmətinə və ya İqtisadiyyat Nazirliyinin İstehlak bazarına nəzarət şöbəsinə müraciət edin.
Bəs bu ofislərə hansı dövlət qurumu nəzarət etməlidir?
  Bu cür fəaliyyətlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər xidməti və Daxili İşlər Nazirliyi nəzarət etməlidir. Lakin bəzi hallarda bu qurumlar yalnız şikayət daxil olduqdan sonra müdaxilə edirlər.
  Bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlar maarifləndirilməli, mediada bu mövzulara daha çox yer verilməlidir. İş axtaran insanların çarəsizliyindən istifadə edən dələduzlara qarşı sərt tədbirlər görülməlidir.
  İnsanlar bilməlidir: hər “iş təklifi” inandırıcı deyil, hər “ofis” etibarlı deyil!

   Sevinc Salehqızı
   Sedanews.az








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA