Emin Əmrullayev ibtidai təhsildən danışdı

“Bünövrə çox vacibdir, birbaşa rəqəmsal bacarıqlara keçmək problem yarada bilər”.
sedanevs.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Emin Əmrullayev bildirib ki, rəqəmsal bacarıqların inkişafı üçün ilk növbədə möhkəm təhsil bünövrəsi formalaşdırılmalıdır:
“Bünövrə çox vacibdir. Əgər çox yaxşı ibtidai təhsil sisteminiz yoxdursa və “mən birbaşa rəqəmsal bacarıqları inkişaf etdirəcəyəm” deyirsinizsə, bu, problem yaradacaq. Xüsusilə rəqəmsal savadlılıq və rəqəmsallaşma məsələsinə gəldikdə, düşünürəm ki, burada etdiyimiz əsas şey strategiyamızda hər iki yanaşmanı nəzərə almaqdır. Bir tərəfdən “Rəqəmsal Bacarıqlar”, STEAM təşəbbüsləri, kurikulumun dəyişdirilməsi, müəllimlərin təlimi və sistemin lazımi avadanlıqlarla təmin edilməsi vasitəsilə daha böyük kütləni əhatə edirik. Digər tərəfdən isə cənab Prezidentin gənclərin xaricdə təhsilinə dəstək göstərən təşəbbüsünü qeyd etməliyəm. Biz hər il 300-dən çox azərbaycanlı gənci kibertəhlükəsizlik və İT üzrə dünyanın aparıcı universitetlərinə göndəririk. Bu, kiçik rəqəm kimi görünə bilər. Amma 5, 8 və ya 10 illik perspektivdə baxdıqda, bu, minlərlə mütəxəssis deməkdir. Onların hər biri böyük təsir yarada, başqaları üçün rol modeli ola və tədrisə başlayaraq töhfə verə bilər".
Nazir iki paralel yollun uzunmüddətli perspektivdə Azərbaycanın öz ekosisteminin rəqabət qabiliyyətini artırmasına kömək edəcəyini düşünür.
"Qeyd olunduğu kimi, yaradıcı, yoxsa istehlakçı olacağımızı müəyyən etmək və bunun üçün doğru yolu tapmaq vacibdir. Ümumilikdə isə gediləsi çox uzun bir yol var, biz hələ bu səyahətin başlanğıcındayıq. Düşünürəm ki, ən vacib məqam problemləri anlamağımız, qəbul etməyimiz və onları inkar etməməyimizdir. Eyni zamanda, inkişaf etdiyimizi göstərən çox aydın əlamətlər var ki, bu da çox vacibdir. Ümid edirəm ki, bu tempdə davam etsək, daha da irəliləyəcək və daha yaxşı nəticələr əldə edəcəyik”, - o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: