sedanews.az
sedanews.az

Hər bir xalqın mənəvi dəyərlərini yaşadan onun dilidir

22-04-2022, 10:07 422 dəfə baxılıb

                            

   Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün də Azərbaycan dili, ana dili həddindən artıq əzizdir. Çox illər əvvəl bizdən asılı olmayan səbəblərdən ana dilimiz həyatımızda geniş yer ala bilməmişdir.
Buna baxmayaraq, biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, getdikcə inkişaf etməsini təmin edəcəyik. Xalqları dil qədər birləşdirən başqa bir vasitə yoxdur. Bizdən sonrakı nəsillər də Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşadacaqlar. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarınin adı ilə bağlıdır. Xalqımızın görkəmli şairi Ş.İ.Xətai tariximizdə ilk dəfə olaraq Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmışdır. Safəvilər dövründə rəsmi sənədlər Azərbaycan dilində yazılır, diplomatik sənədlər Avropa ölkələrinə Azərbaycan dilində göndərilirdi. Ş.İ.Xətai deyirdi: Ey türk oğulları! Bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın. Atalar bizə üç əmanət qoyub: Dilimiz, vətənimiz, qeyrətimiz. Bunları unutmayın! Dil insan cəmiyyətinin ən dəyərli və heç bir şeylə əvəz edilməsi mümkün olmayan mənəvi sərvətidir. Azərbaycan dilimiz qədim tarixə malik olan, min illərin bütün keşməkeşlərindən üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük xəzinədir. Dilimizi böyük şəxsiyyətlər yüksək dəyərləndiriblər. Ədəbiyyatşünas Firidun bəy Köçərli deyib: "Hər bir millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana südü bədənin mayası olduğu kimi, ananın da dili ruhun qidasıdır.
Həzrət Əli deyib: "İnsan öz dilinin altında gizlənibdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir.
Məşhur natiq Taleyran deyib: "Dil, fikri açmaq üçün yox, fikri gizləmək üçündür. "Türk dilini öyrənin, onun uzun sürəcək səltənəti olacaqdır" (Məhəmməd Peyğəmbər).
M.Y.Lermontov demişdir: "Mən bir çox dağlar aşdım. Şuşa, Quba, Şamaxı şəhərlərində oldum. Azərbaycanca öyrənməyə başladım. Bu dil Avropada fransız dili kimi zəruridir".
Azərbaycan dilinin Azərbaycan Respublikası müstəqillik qazanandan sonra inkişafında isə Ulu öndər Heydər Əliyevin müstəsna rolu və xidmətləri olmuşdur. Hətta nəinki SSRİ dağıldıqdan sonra, elə SSRİ hakimiyyəti dövründə Heydər Əliyev vəzifəyə gəldikdən sonra dilimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Yeri gəlmişkən, onun nitqindən də Azərbaycan dili haqqında kiçik bir hissəni xatırlatmaq istəyirəm: "Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur".
    Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!
Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi. Göründüyü kimi, Heydər Əliyev, qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Ulu Öndərin 18 iyun 2001-ci il tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman da həmin mübarizənin davamı idi.
Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir.”
Ana dilindən söz açılmışkən, mən öz anam, ana dilimi öyrəndiyim əzəmətli varlıq, eyni zamanda 40 ilə yaxındır mənimlə bərabər bütün şagirdlərinə Azərbaycan dilini tədris edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zərifə Mikayılovanın Ana dilimiz haqqında yazdığı şeiri diqqətinizə çatdırmaq istəyirəm:
Ana dilim...
Anaların laylası.
Ana dilim..
Əbədiyyət qalası!
Ana dilim...
Torpağımın varlığı,
Ana dilim..
Vətənimin, millətimin sağlığı!
Ana dilim...
Bir körpənin gülər üzü.
Tarixlərin yolu, izi.
Əsrlərin dözümü
Bu dildə söyləmişəm.
Mən hər ürək sözümü.
Yaşatmaqçün
"Uf demədən
Mən verərəm gözümü!
Ana dilim...
Çayların zümzüməsi,
Bulaqların səsisən!
Çobanların ney səsi,
Mərdlər heysiyyətisən!
Sənsən xalqı yaşadan,
Bu dünyada tanidan.
Xalqın daş yaddaşısan,
Əsrlər sirdaşısan.
Xalqım səni yaşadır.
Sən bu xalqın yaşısan!
Mənəviyyət nəğməsi,
Mənim şirin dilimsən.
Hər zaman çiçəkləyən
Çiçəyimsən , gülümsən.
Böyük Türkün varlığı,
Ay, ulduzlu bayrağı,
Şöhrətimsən, şanımsan,
Damarda al qanımsan.
Dilimlə fəxr edirəm, 
Sən Azərbaycanımsan!       
Əziz dostlar, Ana dilimizi-şirin dilimizi göz bəbəyi kimi qorumalı, sevməli, yaşatmalıyıq. Bu müqəddəs yolda hamınıza uğurlar!

                                                                     Suraxanı rayonunun fəal gənci Türkan Bayramova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA