Ana dilimizin Azərbaycan dili adlandırılması
Sirr deyil ki, dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən faktor da onun dilidir. Bu mənada, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Tariximiz sübut edir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də, bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu olaraq uzun müddət mövcud ola bilməyib. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.
Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründən diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Cümhuriyyətin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib.
Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu və ulu öndər Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi rasional dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi - Azərbaycan dilini özümüzə qaytardı.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. O, 2001-ci ilin iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı.
Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 44 il öncə irəli sürdüyü təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin öz əksini tapması, bununla da Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ulu Öndər bu yolla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu.
Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilir. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.
Könül Məmmədli
Suraxanı rayonunun fəal gənci