Vətən üçün doğulmuş, Vətən üçün şəhid olmuş Milli Qəhrəman Elşad Əhədov
Azərbaycan tarixində iz buraxan, canını torpaq uğrunda fəda edən qəhrəmanlarımız var ki, onların adı nəinki abidələrdə, yaddaşlarda da əbədi yaşayır. Elşad Əhədov məhz belə şəhidlərimizdən biridir. O, 4 mart 1968‑ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. Gəncliyindən dürüstlüyü, vətənpərvərliyi və qorxmazlığı ilə seçilən Elşadın taleyinə qəhrəmanlıq yazılmışdı.
Elşad uşaqlıqdan çalışqan, çevik və vətənə bağlı bir gənc olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Əsgərlikdən qayıtdıqdan sonra həyatını hüquq-mühafizə orqanlarında davam etdirir. Lakin 1992-ci ilin qanlı-qadalı günləri onu da səssiz qala bilməzdi. O, könüllü olaraq ön cəbhəyə yollanır və düşmənə qarşı mübarizəyə qoşulur.
Elşad Əhədovun döyüş yolu, sadəcə silah tutmaqdan ibarət olmayıb. O, öz soyuqqanlılığı, əsgərlərini qoruma bacarığı və düzgün strategiyası ilə seçilib. Cəbhədə bir çox əməliyyatlarda iştirak edib və çətin anlarda belə geri çəkilməyib. Komandirləri və döyüş yoldaşları onu cəsur və fədakar döyüşçü kimi xatırlayırlar.
1992-ci il dekabrın 11-də taleyin acı hökmü yerini tapır. Aydınçağız adlı yüksək dağlıq ərazidə gedən qanlı döyüşdə Elşad Əhədov son damla qanına qədər vuruşur və şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra ölməzliyə qovuşdu
Elşad Əhədovun qəhrəmanlığı dövlət səviyyəsində də yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü. Doğulduğu kənddə və təhsil aldığı məktəbdə onun xatirəsini əbədiləşdirən lövhələr, xatirə guşələri yaradılıb.
Bu gün Elşad Əhədov təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycanın qürurudur. O, göstərdi ki, vətənpərvərlik yaşla ölçülmür, ürəklə yazılır. Onun adı gələcək nəsillərə örnək olacaq.
Ruhu qarşısında baş əyirik.
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: