Masazırda piyada yox, obyekt düşünülür: Əliağa Vahid küçəsində səki qıtlığı insan həyatına təhlükə yaradır
![]()
Son illər Azərbaycanın əhali baxımından ən sürətlə böyüyən yaşayış məntəqələrindən biri olan Abşeron rayonu Masazır qəsəbəsi ciddi urbanizasiya və infrastruktur problemləri ilə üz-üzədir. Xüsusilə Əliağa Vahid küçəsi boyu piyadaların hərəkət zonası olan səkilərin obyektlərlə zəbt olunması artıq cəmiyyətin gündəlik həyatına ciddi təsir göstərməkdədir.
Bu küçə boyunca 4-5 mərtəbəli yaşayış və biznes binalarının inşası, avtoservislərin və digər obyektlərin sürətlə artması nəticəsində səkilər faktiki olaraq yoxdur. Piyadalar avtomobil yolu ilə hərəkət etməyə məcbur qalır. Bu isə həm böyüklər, həm də azyaşlı uşaqlar üçün təhlükəli situasiyalar yaradır. Məktəbə gedən şagirdlər, körpə arabası ilə hərəkət edən analar, yaşlı insanlar — hamısı hər gün bu riskli şəraitlə üzləşir.
Nəzərə alsaq ki, Masazırda son 5-10 ildə əhali sıxlığı az qala 10 qat artıb, bu problemin böyüklüyü daha da aydın görünür. Sakinlər haqlı olaraq sual edirlər: «Bəs aidiyyəti qurumlar bu vəziyyətə niyə göz yumur?»
Əslində bu, sadə bir səki problemi deyil. Bu, insan hüquqların pozulması, şəhərsalma normalarının pozulması və insan təhlükəsizliyinin nəzərə alınmamasıdır. Bu tip məsuliyyətsizlik gələcəkdə daha ciddi fəsadlara — yol-nəqliyyat hadisələrinə, ölümlərə, hüquqi çəkişmələrə gətirib çıxara bilər.
Qanunvericiliyə əsasən, səkilər ictimai mülkiyyət sayılır və onların zəbt edilməsi inzibati məsuliyyət doğurur. Lakin aidiyyatı qurumlar xüsusən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu konkret problemə dair görünən bir tədbir görülmür. Hər halda, sakinlərin gözü qarşısında vəziyyət gündən-günə pisləşməkdədir.
Masazır artıq kənd deyil. Bura minlərlə insanın yaşadığı, gələcəyi planlaşdırılmış şəkildə qurulmalı olan bir qəsəbədir.
Sakinlər aidiyyəti qurumlardan tələb edirlər ki, Əliağa Vahid küçəsində zəbt olunmuş səkilər bərpa olunsun, qanunsuz tikililərə qarşı tədbirlər görülsün və insan təhlükəsizliyi prioritet olaraq nəzərə alınsın.
Unutmayaq: səki insan üçündür, maşın üçün yox.
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: