Kolbasanın içində yad cisim: İstehlakçı şikayət edir, AQTA araşdırmaya cəlb olunub
Bu günlərdə redaksiyamıza daxil olan müraciətlərdən biri qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Belə ki, Nəsimi rayonunda yerləşən "Oba" marketdən aldığı "Azəridad" markalı kolbasanı istifadə edərkən məhsulun içərisindən toyuq tükünə bənzər yad cisim çıxıb. Şikayətçi sübut olaraq videoçəkiliş və şəkil bizə təqdim elıdi.
Qida məhsullarında hər hansı yad cismin aşkarlanması istehlakçının haqlı narazılığına səbəb olur. Belə hallar təkcə məhsula deyil, həm də istehsalçıya və satış şəbəkəsinə olan etimadı sarsıdır.
Kolbasa istehsalı ciddi gigiyena və sanitariya qaydalarına əsaslanmalıdır. İstehsal zamanı istifadə olunan xammal tam təmizlənməli, emal mərhələləri müasir avadanlıqlarla və keyfiyyətə nəzarət sistemi altında həyata keçirilməlidir. Müəssisədə çalışan işçilər sanitariya qaydalarına riayət etməli, istehsal sahələri mütəmadi dezinfeksiya olunmalı, məhsul qablaşdırılmamışdan əvvəl vizual və texniki yoxlamalardan keçirilməlidir.
Müasir qida sənayesində keyfiyyətə nəzarət sistemləri məhz bu cür halların qarşısını almaq üçün tətbiq edilir. İstehsal prosesində hər hansı nöqsan baş verərsə, bu, həm istehlakçının sağlamlığı, həm də müəssisənin nüfuzu üçün ciddi risk yaradır.
Satış şəbəkələrinin də məsuliyyəti az deyil. Marketlər satışa çıxardıqları məhsulların saxlanma şəraitinə, son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə və istehsalçıdan qəbul edilən məhsulların keyfiyyətinə diqqətlə nəzarət etməlidirlər. İstehlakçı şikayəti daxil olduqda isə məhsul dərhal satışdan kənarlaşdırılmalı və araşdırma aparılmalıdır.
Qida təhlükəsizliyi hər bir vətəndaşın sağlamlığı ilə birbaşa bağlı məsələdir. İstehlakçı keyfiyyətli və təhlükəsiz məhsul almağa ümid edir. İstehsalçı məsuliyyətini artırmalı, marketlər nəzarəti gücləndirməli, nəzarət orqanları isə hər bir müraciəti ciddi araşdırmalıdır. Çünki bəzən bir məhsulun içərisindən çıxan kiçik bir yad cisim minlərlə istehlakçının etibarını itirmək üçün kifayət edir.
Redaksiyamız məsələni dəqiqləşdirmək məqsədilə "Azəridad" məhsullarının istehsalçısı ilə əlaqə saxladı. Lakin redaksiyamızın iddiasına görə, müraciətimizə konstruktiv münasibət göstərilmədi. Telefon danışığı zamanı şirkət nümayəndəsi "gedin nə edirsiniz edin", "yaxşı eləmişik" məzmunlu ifadələr işlətdi və məsələ ilə bağlı hər hansı izahat verməkdən imtina etdi.
Məsələ ilə bağlı artıq Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunub.
Sevinc Salehqızı
Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: