Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin geri qaytarılması prosesi uğurla davam edir. Bu proqramın növbəti mərhələsi olaraq, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb və sakinlər artıq doğma yurdlarında məskunlaşıblar.
Şükürbəyli kəndinə edilən növbəti köç dalğası çərçivəsində daha 9 ailə (52 nəfər) öz evlərinə qovuşub. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrindəki yataqxanalarda, sanatoriyalarda, uşaq düşərgələrində və digər müvəqqəti məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərdir. Kəndinə çatan sakinləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayıblar. Təntənəli qarşılanmadan sonra ailələrə müasir üslubda tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Sakinlər dövlətin onlara göstərdiyi diqqət və qayğıya, həmçinin yaradılan yüksək səviyyəli şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Yenidən qurulan Şükürbəyli kəndində sakinlərin rahat və təhlükəsiz yaşaması üçün bütün zəruri infrastruktur obyektləri qurulub. Kənddə ilkin mərhələdə 635 fərdi yaşayış evi tikilib ki, bunlardan da 615-i yerli əhalinin daimi məskunlaşması, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Evlər ailə tərkibinə uyğun olaraq 2, 3, 4 və 5 otaqlı olmaqla bütün kommunal xidmətlərlə (qaz, su, işıq, internet) təmin edilib. Kənd daxilində yollar asfaltlanıb, müasir küçə işıqlandırılması qurulub və sosial obyektlərin inşası başa çatdırılıb.
Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş digər şəhər və kəndlərə də köç prosesi planlı şəkildə davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.