sedanews.az
sedanews.az

BALAXANIDA PAYIZIN ƏN RƏNGARƏNG TƏDBİRLƏRİNDƏN BİRİ — “BALQABAQ FESTİVALI”

Bugün, 12:17






  Sabunçu rayonunun Balaxanı qəsəbəsində təşkil olunan Balqabaq Festivalı sakinlərə və paytaxtın qonaqlarına unudulmaz anlar yaşadıb.
Payızın rənglərini, milli mətbəximizin zənginliyini və qədim kənd ənənələrini özündə birləşdirən “Balqabaq Festivalı” Balaxanıda xoş bayram ab-havası yaradıb.

  Sedanews.Az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə Balaxanı qəsəbəsində yerləşən Şaxta Parkında keçirilən tədbir oktyabrın 24-dən başlayaraq noyabrın 1-dək davam edəcək. Festival ərazisi rəngarəng tərtibatı, müxtəlif balqabaq kompozisiyaları və payız mövsümünə uyğun bəzəkləri ilə ziyarətçilərin diqqətini cəlb edir.
  Festival çərçivəsində qonaqlara balqabaq və digər kənd təsərrüfatı məhsulları, milli mətbəximizin ləziz təamları, müxtəlif şirniyyatlar, əl işləri və suvenirlər təqdim olunur. Canlı musiqi, əyləncəli proqramlar, oyunlar və müxtəlif fəaliyyətlər tədbirə xüsusi rəng qatır.
Ailələrin, uşaqların və gənclərin maraqla iştirak etdiyi festival insanların asudə vaxtlarını səmərəli keçirməsi, bir araya gəlməsi və payızın gözəlliklərindən zövq alması üçün gözəl imkan yaradır.
Balaxanı yeni tədbirlərlə daha da canlanır.
  Son illərdə özünəməxsus memarlığı, səliqəli küçələri və tarixi mühiti ilə diqqət çəkən Balaxanı qəsəbəsi belə tədbirlər vasitəsilə daha geniş auditoriyanın marağını cəlb edir. Balqabaq Festivalı həm qəsəbənin tanıdılması, həm də yerli sahibkarların, sənətkarların və kənd təsərrüfatı məhsullarının təşviqi baxımından əhəmiyyət daşıyır.
   Belə təşəbbüslər şəhər həyatına rəng qatmaqla yanaşı, milli-mədəni dəyərlərimizin təbliğinə, ailəvi istirahət ənənələrinin inkişafına və ictimai fəallığın artırılmasına da xidmət edir.
Festivalın ən diqqətçəkən cəhətlərindən biri isə payız mövsümünün sadə bir kənd təsərrüfatı məhsulu olan balqabağın ətrafında maraqlı, rəngarəng və əyləncəli tədbirin yaradılmasıdır.
  Balaxanıda təşkil olunan bu festival göstərir ki, qədim yaşayış məkanlarımızı yalnız tarixi abidələri ilə deyil, müasir mədəni təşəbbüsləri və canlı ictimai həyatı ilə də tanıtmaq mümkündür.
  Qeyd edək ki, Balaxanıda keçirilən Balqabaq Festivalı noyabrın 1-dək davam edəcək. Tədbirə giriş sərbəstdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA