Milli kimliyimizin və müstəqilliyimizin təntənəsi: 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü
Hər bir xalqın varlığını, milli kimliyini, mədəniyyətini və tarixini yaşadan ən böyük sərvəti onun ana dilidir. Dil – millətin ruhu, əlifba isə o ruhun daşlaşmış, nəsillərdən-nəsillərə ötürülən təcəssümüdür.Avqust ayının 1-i ölkəmizdə əlamətdar və müqəddəs bir bayram kimi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün təkcə bir yazı sisteminə keçidin deyil, eyni zamanda milli özünüdərkin, müstəqil dövlətçilik təfəkkürünün və zəngin mədəni irsimizin təntənəsidir.
Azərbaycan xalqının əlifba tarixi olduqca zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Əsrlər boyu müxtəlif sivilizasiyaların və siyasi quruluşların təsiri ilə əlifbamız bir neçə dəfə dəyişikliyə uğramışdır: Belə ki, islam dininin qəbulundan sonra uzun əsrlər boyu Azərbaycan ədəbiyyatı və elmi ərəb qrafikalı əlifba ilə qələmə alınmış, dahi nümayəndələrimiz öz ölməz əsərlərini bu yazı ilə yaratmışlar.
Sonradan XX əsrin əvvəllərində maarifçilərimizin – xüsusilə Mirzə Fətəli Axundzadənin əsasını qoyduğu əlifba islahatı ideyaları 1928-ci ildə reallaşdı və Latın qrafikalı əlifbaya keçildi. Lakin çox keçmədi Sovet rejiminin siyasi qərarları nəticəsində 1939-cu ildən başlayaraq Azərbaycan dili Kirill qrafikası ilə yazılmağa məcbur edildi. Bu, milli köklərdən və digər türk xalqları ilə ortaq mədəniyyətdən təcrid olunmaq məqsədi daşıyırdı.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran en mühüm vəzifələrdən biri milli əlifbanın bərpası idi. Elə həmin il dekabrın 25-də Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Qanun qəbul olundu.
Ancaq latın qrafikasına tam və qəti keçid, bu prosesin ölkə miqyasında yekunlaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev ana dilinin qorunması və inkişafını dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edirdi. Ulu Ondərin deyimi: "Hər bir xalqın milli qüruru, milli mənliyi onun dili ilə, əlifbası ilə bağlıdır."
18 İyun 2001-ci il tarixində Ulu Öndər tərəfindən imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman müstəqil Azərbaycanın dil tarixinə qızıl hərflərlə yazıldı. Bu fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə bütün rəsmi sənədləşmə, mətbuat və nəşrlər tam olaraq latın qrafikalı Azərbaycan əlifbasına keçdi.
Məhz Heydər Əliyevin 9 Avqust 2001-ci il tarixli Fərmanı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu və hər il təntənəli şəkildə qeyd edilməyə başlandı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dili özünün ən parlaq inkişaf dövrünü yaşayır. Qazanılan böyük zəfərlər, torpaqlarımızın azad olunması milli qürurumuzu artırmaqla yanaşı, ana dilimizin də coğrafiyasını və nüfuzunu genişləndirmişdir.
Bu gün işğaldan azad olunmuş Xankəndidə, Şuşada, Laçında və digər tarixi torpaqlarımızda Azərbaycan dili yenidən rəsmi, doğma və uca səslə əks olunur.
Ana dili hər bir vətəndaşın mənəvi pasportudur. Onu təmiz saxlamaq, zənginləşdirmək və gələcək nəsillərə qüsursuz şəkildə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün xalqımızı təbrik edirik! Dilimiz həmişə uca, əlifbamız əbədi olsun!
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: