Əlillər Günü – İnsana Dəyər Günüdür
Hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi fiziki, əqli, eşitmə və ya görmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların hüquq və imkanlarına diqqət çəkməkdir.
Statistikaya görə, hazırda dünyada bir milyarddan çox insan müəyyən dərəcədə əlilliklə yaşayır. Bu insanlar cəmiyyətin bərabər üzvüdürlər və onlar üçün yaradılan şərait, göstərilən hörmət və empati bizim insanlığımızın göstəricisidir.
Onlar bizim gücümüzdür
Əlilliyi olan insanların çoxu həyatın müxtəlif sahələrində — idman, incəsənət, təhsil, texnologiya və s. – böyük uğurlara imza atıblar. Onların mübarizə ruhu, səbir və əzmi hər kəs üçün örnəkdir. Ən əsas mesaj isə budur: əlillik fərqlilikdir, əngəl deyil!
Cəmiyyətin, medianın və dövlət qurumlarının əsas vəzifəsi – bu insanların bərabər hüquqlarla yaşamasını təmin etmək, onlar üçün infrastruktur, iş yerləri, təhsil imkanları yaratmaqdır. Azərbaycanda bu istiqamətdə atılan addımlar – inklüziv təhsil, bərpa mərkəzləri, sosial proqramlar, vətəndaş cəmiyyəti təşəbbüsləri bu məqsədə xidmət edir.
Unutmayaq ki, hər kəs sabah bir anda əlil ola bilər. Bu, bir seçim deyil. Əsas olan isə – əllərində və ya ayaqlarında deyil, ürəyində və iradəsində güc daşıyan insanlara dəyər verməkdir. Onları cəmiyyətə qazandırmaq, həyatlarını asanlaşdırmaq – bizim borcumuzdur.
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: