Avropada istənilən idman növündə birinci olmaq böyük uğurdur
Avropada istənilən idman növündə birinci olmaq böyük uğurdur
Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı.
O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublikamızda bədən tərbiyəsi və idman sahəsində bir sıra sərəncam və fərmanlar imzalamışdır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən 2006-cı il yanvarın 30-da Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmişdir. Konstitusiyanın həmin maddəsinə əsasən yeni, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 2005-ci il 4 mart tarixli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının və “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi, 2005-ci il 10 oktyabr tarixli “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərmanlar respublikamızda bütün idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 8-də Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan güləş yığmasının üzvlərini qəbul edib.
Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışdır. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışdır. Bu medallardan birini qadın idmançımız, qalanlarını isə sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qazanmışdır. Beləliklə, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Avropada birinci yeri tutmuşdur. Bu, böyük qələbədir, böyük uğurdur. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur sayıla bilər. Təbii ki, idmançılarımız bir daha güləşimizi təbliğ etdilər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin böyük ənənələri var və bu ənənələr bu gün də davam etdirilir.
Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Adil Əliyev: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”Onun sözlərinə görə, sevindirici haldır ki, dövlət olimpiya idman növləri ilə qeyri-olimpiya idman növləri arasında heç bir fərq qoymadan hər ikisinə eyni diqqət və qayğını göstərir. Həmin qayğının hiss olunduğu sahələrdən biri kikboksinqdir. "Bu idman növünün ölkəmizdə təbliği və inkişaf istiqamətində indiyə qədər xeyli işlər görülüb", deyən Adil Əliyev qeyd edib ki, Azərbaycan Kikboksinq Federasiyası 20 illik tarixə malikdir. Kikboksinq qeyri-olimpiya oyunları sırasına daxil olmasına baxmayaraq, artıq Azərbaycanda sevimli idman növünə çevrilib: “Gənclər və İdman Nazirliyinin ən perspektivli idman növləri sıralarına daxil olan federasiya gənclərdə idmana marağı daha da artıracaq və ən əsası, vətənə layiqli və vətənpərvər gənc nəslin yetişdirilməsində yardımçı olacaq” .
O eyni zmanda qeyd edib ki, əsas məqsəd idmanın inkişafını dəstəkləmək, kikboksinqin kütləviliyini təmin etmək, gənclərdə vətənpərvərlik hissini gücləndirmək, yeniyetmə və gəncləri narkomaniya və pis vərdişlərdən uzaqlaşdırmaqdır.
Həyata keçirilən işlərin nəticəsidir ki, kikboksçularımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlar ilbəil yüksəlir. Onlar arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin mükafatçıları var.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı, yəni şəxsən dövlət başçısı cənab İlham Əliyev tərəfindən göstərilən diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Suraxanı rayonunun gənc fəalı Pərvanə Cəfərova