sedanews.az
sedanews.az

“Doğulub Vətən üçün Şəhid oldu — eyni gündə həyat və əbədiyyət”

3-12-2025, 15:25

   Azərbaycan tarixində iz qoymuş şəhidlərimizdən biri – Ənvər Arazov, vətənə sədaqət, igidlik və fədakarlıq nümunəsi kimi yaddaşlara həkk olunub. Onun həyat yolu bir çox gənclərə örnək, igidliyinə isə xalqımız daim minnətdarlıqla yanaşır.
 Ənvər Talıb oğlu Arazov 2 dekabr 1953-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra texniki-peşə məktəbində və daha sonra Gəncə Politexnik Texnikumunda təhsil alıb. Əmək fəaliyyətinə “Büllur” zavodunda başlayan    Ənvər, gənc yaşlarından çalışqanlığı və dürüstlüyü ilə fərqlənib.
  1974-cü ildə Sovet Ordusunda xidmətə çağırılmış, Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Bu müddətdə hərbi biliklərini və nizam-intizamı mənimsəmişdi.
  Onun ilk döyüşü Çaykəndin azad olunması uğrunda olur. Buradakı igidliyi, nizamlı komanda quruculuğu və əsgərləri ilə olan insani münasibətləri diqqət çəkir. 1992-ci ildə Gəncədə yaradılan Milli Müdafiə Qərargahının II müavini təyin olunur. Daha sonra Tərtərdə yerləşən hərbi hissəyə komandir kimi göndərilir.
  Ənvər Arazovun rəhbərliyi altında bir çox uğurlu əməliyyatlar həyata keçirilmişdi. Lakin onun üçün vətənin müdafiəsi hər şeydən üstün idi – o, təkcə komandan deyil, həm də cəbhənin ön xəttində döyüşən bir qəhrəman idi.
  Şəhadət zirvəsi
 1992-ci il dekabrın 1-dən 2-nə keçən gecə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlərdə Ənvər Arazov qəhrəmancasına şəhid olur. Onun ölümü yalnız ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itki idi.



   Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Ənvər Arazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. O, Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
  Ənvər Arazovun adı bu gün bir çox məktəblərə, küçələrə verilib. Onun həyat və döyüş yolu haqqında sənədli filmlər, verilişlər hazırlanır, qəhrəmanlığı yeni nəsilə ötürülür. Cəmiyyət və dövlət onu daim yad edir – çünki belə oğullar Azərbaycanın əbədi dayaqlarıdır.

   Arzu Tofiqqızı
  








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA