sedanews.az
sedanews.az

Ömürləri Vətən tarixinin şanlı səhifəsinə çevrilən Şəhidlər

Bugün, 13:07

   19 avqustda doğulan beş qəhrəman – ömürləri Vətən tarixinin şanlı səhifəsinə çevrilən şəhidlər
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq bir qəhrəmanlıq salnaməsi yazıb. Onların ömür yolu bəzən cəmi 20-25 il çəkib, lakin həmin qısa ömürlərə böyük bir Vətən sevgisi, sonsuz fədakarlıq və qəhrəmanlıq sığışıb.
  Şəhidlərimiz Azərbaycanın müxtəlif bölgələrində dünyaya göz açıb, lakin taleləri 44 günlük Vətən müharibəsində eyni amal uğrunda – torpaqlarımızın azadlığı uğrunda birləşib.
                                                               Şəhid  Quluzadə Vəfadar Fəqan oğlu 

   Şəhid Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olub. O, Yunis Quliyev adına Bünyadlı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə başlayıb və sonralar Azərbaycan Ordusunda xidmətini davam etdirib.
   2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Vəfadar da döyüşlərə qatılıb. O, Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
    Vəfadar Quluzadə göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 
                                                         İsmayılov Səxavət Sabir oğlu

  Şəhid   Səxavət İsmayılov 19 avqust 1997-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Orta təhsilini 2003–2014-cü illərdə alıb. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçib, xidmət müddətində nizam-intizamı ilə seçilib.
   Vətən müharibəsi başlamazdan əvvəl Səxavət döyüşə getmək arzusunda idi. Müharibə başlayanda ilk döyüş yolu Füzuli istiqamətindən keçib. Bir neçə düşmən postunun azad edilməsində iştirak edib, daha sonra Cəbrayıl istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. 7 oktyabr 2020-ci ildə ağır döyüşlərin birində şəhid olub.
    Səxavət İsmayılovun döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
  Onun həyat hekayəsində diqqət çəkən məqamlardan biri də Vətən müharibəsinə yollanmazdan əvvəl çəkdirdiyi videodur. Sanki qarşıda onu nələrin gözlədiyini hiss edən Səxavət həmin görüntüləri ailəsinə xatirə qoyub. O, Vətən uğrunda canından keçərək arzusuna – torpaqlarımızın azadlığına öz töhfəsini verməyə nail oldu.
                                                                                                       Şəhid Sənan Əliyev Ceyhun oğlu 
  Şəhid Sənan Əliyev 19 avqust 1999-cu ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Sənan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
  2020-ci il oktyabrın 14-də Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşdə düşmən üzərinə hücum zamanı qəhrəmancasına şəhid olub. Onun şəhid olması noyabrın 23-də müəyyənləşdirilib.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Sənan Əliyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şəhid Sənan Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3– cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.
  ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
    RUHLARI ŞAD OLSUN!
  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA