İmişlidəki qəzada yaralanan məktəbli xəstəxanada dünyasın dəyişdi
Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı vəfat edib.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilib.
Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqları vurub. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.