sedanews.az
sedanews.az

Azərbaycan-Ermənistan nizamlanması təhlükə altında: Qərb İrəvanı sülh gündəliyindən uzaqlaşdırır - TƏHLİL

24-07-2024, 12:16 197 dəfə baxılıb


 Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair ümidlər get-gedə tükənməkdədir. Bunun başlıca səbəbi Ermənistan hökumətinin, Baş nazir Nikol Paşinyanın sülh prosesi ilə bağlı qeyri-səmimiliyi, yekun sülhün əldə olunması üçün ardıcıl addımlar atmamasındadır.
  Ermənistanın sülh prosesində qeyri-səmimiliyinin növbəti nümunəsi iyulun 18-də Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və ev sahibi Böyük Britaniyanın Baş naziri Kir Starmerlə üçtərəfli görüşdən imtina etməsi oldu.
  Rəsmi Bakı da, ev sahibi Böyük Britaniya da İrəvanın görüşə heç bir rasional səbəb gətirmədən “yox” deməsindən təəccüblənib. İrəvanın ziddiyyətli addımları, sülh danışıqları ilə bağlı qeyri-stabil davranışlarına 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev də diqqət çəkmişdi.
  “Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi.     Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi.   Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi?”, - deyə dövlət başçısı haqlı suallar səsləndirdi.
İrəvanın sülh danışıqlarını ləngidən bu addımları sülh müqaviləsinin tezliklə imzalanmasına inamı azaldır.
  Paralel olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən Müstəqillik Aktına istinadın aradan qaldırılması və Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməsi ilə bağlı rəsmi Bakının çağırışlarına hələ də adekvat reaksiya verməməsi də bu təsbiti doğrulayır.
  Bir sözlə, belə görünür ki, rəsmi İrəvan Azərbaycanla sülhün əldə olunmasına can atmır, “sülhpərvər” açıqlamalar versə də, addımları ilə əksinə - müharibə mesajı verir, sülh prosesini “1 addım irəli, 2 addım geri” prinsipi ilə aparır.
  Təbii ki, daim özünə himayədar axtaran İrəvan Bakı ilə diplomatik manevrlər üçün təkbaşına qərar vermir, öz yeni himayədarları, xüsusən bölgədə qeyri-stabillik yaratmağı qarşısına məqsəd qoyan Fransa ilə koordinasiyalı addımlar atır.
  Son dövrlər Fransanın və daha bir neçə Aİ ölkəsinin dəstəyi ilə militarizasiya, silahlanma yolu tutan Ermənistan Cənubi Qafqazda davamlı sülh yerinə, yeni potensial münaqişə ocağı yaratmaq yolunu tutub.
  Ermənistanın Fransadan “Bastion” çoxməqsədli zirehli avtomobillər və “Sezar” özüyeriyən artilleriya qurğuları almasının ardınca, Avropa İttifaqının da Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro dəyərində hərbi dəstək ayırması məhz bölgədə destruktiv mühitin yaradılmasına xidmət edir.
Adında sülh olan Fonddan Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, başqa sözlə, Azərbaycana qarşı hərbi məqsədli fəaliyyətin artırılmasına vəsait ayrılması absurd deyilmi? Nədir Avropa İttifaqının, Qərbin bunda məqsədi? Tərəflərin sülh gündəliyini müzakirə etdiyi, sülh sazişi üzərində işlədiyi bir vaxtda hərbi məqsədlə Ermənistana milyonlarla avro vəsait ayrılmasının bölgədə davamlı sülh və sabitliyinin təmin olunmasına nə kimi töhfəsi ola bilər?
   Digər yandan, cənub qonşusu İran və uzun illər əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın məsələ ilə bağlı həssaslığını, geosiyasi maraqlarını heçə sayaraq ABŞ-la növbəti dəfə “Eagle Partner 2024” adlı hərbi təlimlərin keçirilməsi isə Ermənistanın çox təhlükəli geosiyasi oyunların mərkəzində olduğunu göstərir.
  Bu da azmış kimi, Qərbdəki bəzi dairələr Ermənistanı silahlandırmaqla sanki onu yeni münaqişəyə təhrik etməyə, sülh danışıqlarının irəliləməsi üçün yaranmış əlverişli imkanı önləməyə çalışır.
Son bir neçə ayda baş verən hadisələrdən çıxan ümumi nəticə Ermənistanın, Nikol Paşinyan iqtidarının himayədar ölkələrin təsiri altında sülh danışıqları prosesindən geri çəkilməyə, prosesin təbii axarına süni maneələr yaratmağa çalışdığını göstərir.
   Azərbaycan isə regionda yeni hərbi münaqişədə maraqlı deyil, əksinə, önəmli iqtisadi layihələrin həyata keçirilməsi üçün regionda dayanıqlı sülhə, sabitliyə ehtiyac duyur.
Amma Ermənistan rəhbərliyi anlamalıdır ki, rəsmi Bakının xoşniyyətli yanaşmasından sui-istifadə etməyə istifadə etməyə davam edərsə, revanşizmə meyllənərsə və yenidən Azərbaycan üçün real hərbi təhdid yaradarsa, Azərbaycan tərəfindən dərhal adekvat və sarsıdıcı cavab alacaq. Bu zaman heç kim, o cümlədən Qərbdəki bəzi himayədarları onu heç cür xilas edə bilməyəcək.
APA Analytics






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA