sedanews.az
sedanews.az

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa – olsun azad edəcəkdir.” Heydər ƏLİYEV

30-03-2022, 11:39 244 dəfə baxılıb

    “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Azərbaycan öz torpaqlarını 
 nəyin bahasına olursa – olsun azad edəcəkdir.” 
                                                                                          Heydər ƏLİYEV
                                                                                      

   Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər. 
Qatı şovinist mövqeli “Daşnaksütyun” partiyası keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq və Azərbaycanın Kür çayından cənuba olan ərazisini də zəbt etmək siyasəti yürütmüşdür. Bu planı əməli surətdə həyata keçirmək üçün tarix boyu Avropa dövlətlərinə arxalanan ermənilər öz çirkin niyyətlərindən əl çəkmədilər. Belə ki, 1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürüldü. Rusiya, İran və Türkiyədə olan bütün erməniləri bir bayraq altında birləşdirilərək Samsunda, Vanda, Ərzurumda və digər bölgələrdə “Böyük Ermənistan” yaratmaq və İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da birləşdirmək nəzərdə tutulmuşdu. Ermənilərin Qarabağa köçürülməsi ilə Azərbaycan xalqının tarixində faciəli və ən ziddiyyətli bir dövr başlandı. 
1862, 1878 və 1884-cü, 1890-1892-ci illarda Türkiyənin ayrı-ayrı vilayətlərində milli qırğınlar törədildi. Erməni millətçiləri 1905-ci ilin dekabrında Cavanşir qəzasının Ümidli kəndində misli görünməyən vəhşiliklər törətdilər. M.S.Ordubadi “Qanlı illər” kitabında 1906-cı ilin avqustunda Zəngəzurda baş veran iyrənc erməni vandalizmi haqqında yazmışdı. Və nəhayət 1918-ci ilin martında törətdikləri kütləvi qırğın ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımının davamı idi. Qırğın martın 31-dən aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Təkcə, Bakıda 12 mindən çox azərbaycanlı öldürüldü. Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişdilər. S.Zalayans və T.Əmirovun daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdu. Daşnaklar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıtdılar. Hamazaspın rəhbərlik etdiyi daşnak dəstələri Quba qəzasının 162 kəndini yandırdılar. 16 mindən çox müsəlman öldürdülər. Bu soyqırımı zamanı 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi.
Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirmişdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdı. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı qətlə yetirilmiş azərbaycanlılar arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Şamaxı üzərinə hər iki hücum Daşnaksütyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdi. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalov və b. rəhbərlik edirdilər.
1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər, ümumilikdə öldürülənlərin sayının 4000 nəfərdən artıq olduğu 122 kəndin tamamilə dağıdılması, 2750-dən çox ev tamamilə yandırılması faktı qeyd edilir.
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin də gerçəkləşdirilməsinə mane oldu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıldı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.
Rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın erməni cəmiyyətinin "böyük Ermənistan, dənizdən-dənizə" ideyasını unutmasının vacibliyinə dair bəyanatını şərh edərkən bildirib.
"Əslində, bu ideya - bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı heç nə gətirmədi; bu ideya onu daxildən bir dövlət kimi parçaladı, beynəlxalq aləmdə statusunu titrətdi, qonşularla qarşılıqlı əlaqələrə zərbə vurdu və nəhayət Ermənistanın düşmənlərinin sayını çoxaltdı”. 
Bu “Böyük xülya” uzun sürmədi. İşğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi. Azərbaycanın tarixi Qələbəsi xalqımızın sarsılmaz birliyi, Ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımızın müdrikliyi ilə əldə edildi. Azərbaycan yeni reallıq yaratdı.
Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb”

                                                              Suraxanı rayonu, Etibar Cəfərov adına 
                                                   118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA