sedanews.az
sedanews.az

ADA Universitetində Xəzər dənizinə həsr olunan tədbir keçirilib

10-06-2024, 11:43 171 dəfə baxılıb

 
   ADA Universitetində Birinci "Xəzər Mavi Üfüqlər" tədbirinin açılış mərasimi çərçivəsində "COP29 ərəfəsində İqlim Dayanıqlığı və Xəzər dənizinin Davamlılığı üçün Elm və Biznesin Sinerjiləşdirilməsi" mövzusuna həsr olunan tədbir keçirilib.
  APA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, dünyanın yetərincə tədqiq olunmayan regionlarından biri olan Xəzər hövzəsi daim dünyanın ekoloji təhlükələrə həssas olan bölgələrindən biridir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bugünkü tədbirin Xəzər hövzəsini tədqiq edən alimlər üçün tədqiqat istiqamətlərini genişləndirmək üçün əlavə imkan olduğunu bildirib:
  "Xəzər regionunun ekoloji və ətraf mühit çirklənmələrindən qorunması tək bir ölkənin deyil, bu regionda yerləşən bütün dövlətlərin məsuliyyətidir. Hesab edirəm ki, bugünkü müzakirələr Xəzər dənizi akvatoriyasında baş verən ekoloji dəyişiklərin müzakirəsi və bu problemin həlli yollarının tapılması baxımından mühüm bir platformadır. Mən tədbirin işinə uğurlar arzulayıram".
Energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov bildirib ki, xüsusilə də inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi problemi ilə üzləşib:
"Hesab edirəm ki, bu qlobal problemin həlli üçün müzakirələr böyük fayda verəcək. Dünyada atmosferə buraxılan karbon qazı emissiyalarının azaldılması hazırda qlobal problemlər sırasında dayanıb. Burada həmçinin yaşıl enerji dəhlizləri ilə bağlı da müzakirələr aparılacaq. Xüsusilə də bu dəhlizin "Azərbaycan-Gürcüstan-Xəzər dənizi" marşrutu üzrə yaradılması səslənən təkliflər arasındadır. Onu qeyd etmək istəyirəm ki, yaşıl enerji resurslarını təşviq etmədən dünyada bu sahədə mövcud problemi həll etmək mümkün deyil. Mənim fikrimcə, "yaşıl enerji"nin təşviqi  məsələsi çox böyük əhəmiyyətə malikdir".
  Milli Məclisin üzvü, BMT-nin İqlim Dəyişiklikləri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 sayəsində Bakı iqlim dəyişmələri üzrə qlobal dialoqun yüksək səviyyəli platformasına çevrilib.
  O noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının (COP29) bu problemdən çıxış yolunun tapılmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
  Eyni zamanda qeyd olunub ki, COP29 formatlı tədbirlər dünyanın dayanıqlı inkişaf sahəsində üzləşdiyi problemlərin müzakirəsi, eləcə də səmərəli dialoqun təşkili baxımından mühüm müzakirə platformasına çevriləcək.
  Tədbir panel müzakirələri ilə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA