“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəman oğullarının qanı ilə yazıldı. O igidlər ki, gənc yaşlarında arzularını, xəyallarını yarımçıq qoyaraq müqəddəs torpaq uğrunda canlarından keçdilər. Belə qəhrəman oğullardan biri də şəhid Əli Seyran oğlu Nəcəfovdur. Onun həyat yolu və döyüşlərdə göstərdiyi şücaət hər bir Azərbaycan gənci üçün əsl vətənpərvərlik nümunəsidir.
Əli Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən sakit təbiəti, böyüklərə hörməti və Vətən sevgisi ilə seçilən Əli ailəsinin və müəllimlərinin sevimlisi olub. Məktəb illərində həm dərslərində çalışqanlığı, həm də insanlara qarşı mehriban münasibəti ilə fərqlənib. Onu tanıyanlar deyirdi ki, Əli çox mərd, təmiz qəlbli və vətəninə bağlı bir gənc idi.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Əli Nəcəfov Azərbaycan Ordusunun sıralarında böyük məsuliyyət və şərəflə xidmət edib. O, hər zaman hərbçi olmağı qürur sayır, Vətənə xidmət etməyi müqəddəs borc hesab edirdi. Döyüş hazırlığında seçilən gənc əsgər yoldaşları arasında da böyük hörmət qazanmışdı.
2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Əli kimi minlərlə gənci döyüş meydanına apardı. O, Cəbrayıl və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Ən çətin anlarda belə geri çəkilməyi düşünməyən Əli son nəfəsinə qədər düşmənə qarşı mərdliklə vuruşdu.
Döyüş yoldaşlarının dediyinə görə, Əli hər zaman ön mövqedə olur, dostlarına ruh yüksəkliyi verirdi. O, torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olduğunu dəfələrlə dilə gətirmişdi. Elə bu amal uğrunda da qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
20 oktyabr 2020-ci ildə Əli Nəcəfov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhid xəbəri ailəsini, doğmalarını və onu tanıyan hər kəsi dərin kədərə boğsa da, xalqımıza böyük qürur yaşatdı. Çünki Əli öz canı bahasına Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmışdı.
Şəhid Əli Nəcəfov doğulduğu Masallı rayonunda böyük izdiham və ehtiramla son mənzilə yola salındı. Dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi. Bu medallar onun göstərdiyi igidliyin və Vətən sevgisinin dövlət səviyyəsində verilən qiyməti idi.
Bu gün Əli Nəcəfovun adı doğulduğu kənddə və onu tanıyan insanların qəlbində böyük ehtiramla çəkilir. Onun həyatı bir daha göstərir ki, Vətən sevgisi ən ali hissdir. Şəhidlərimizin qanı ilə yazılan zəfər tariximiz heç vaxt unudulmayacaq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: