sedanews.az
sedanews.az

Vətən fədailərinin şərəfli ömür yolu

Bugün, 11:35





    Şəhidlik – ləyaqətin, vətənpərvərliyin və fədakarlığın zirvəsidir. Bu uca məqama ucalanlar yalnız bir ailənin deyil, bütöv bir millətin qürur mənbəyinə çevrilirlər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın yaddaşında əbədi yaşayır. Tariximizə qanları ilə dastan yazan fədailərimiz arasında doğum günü 8 iyul tarixinə təsadüf edən igidlərimizin də xüsusi yeri var. Onlar ömürlərinin gənclik baharında canlarını Vətənə fəda edərək adlarını ölümsüzlüyə yazdırdılar.

  
                                                                 Şəhid Hacıyev Sərxan Eldar oğlu  
 Şəhid Hacıyev Sərxan Eldar oğlu  1990-cı il iyulun 8-də qədim tarixi və mərd insanları ilə tanınan Qobustan torpağında dünyaya göz açmışdır. Əslən qədim Borçalı mahalının (Gürcüstan, Dmanisi rayonu) Qızılkilsə kəndindəndir. Boya-başa çatdığı Qobustanın məğrurluğu onun xarakterinə də sirayət etmiş, onda uşaq yaşlarından sarsılmaz bir vətən sevgisi formalaşdırmışdır. 
   Hərbi xidmətini kəşfiyyat bölüyündə bitirdikdən sonra bir müddət müqaviləli hərbi qulluqçu (MAXE) kimi xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq yenidən cəbhəyə yollanmışdır. Füzuli və Xocavənd istiqamətində gedən ən ağır, həlledici döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edərək böyük şücaət göstərmişdir. 2020-ci il oktyabrın 23-də Füzulinin Alxanlı kəndi yaxınlığında qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır. 
 Şəhidimiz doğulduğu Qobustan rayon qəbiristanlığında (Şəhidlər Xiyabanı) izdihamla torpağa tapşırılmışdır. 
Ölümündən sonra  şəhidin xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək dövlət orden və medalları ilə təltif edilmişdir." "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə""Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 
      Allah rəhmət eləsin.  Ruhun şad olsun Şəhidim!




                                                                    Elvin İslam oğlu Bayramov  
Şəhid Elvin İslam oğlu Bayramov   1999-cu il iyulun 8-də paytaxt Bakıda anadan olmuşdur. Bakının Binəqədi rayonunda böyüyən Elvin, iki bacının yeganə qardaşı olaraq ailənin göz bəbəyi idi. O, paytaxt mühitində həm mükəmməl təhsil alaraq Azərbaycan Dillər Universitetini bitirmiş, həm də yüksək milli-mənəvi ruhda tərbiyə olunmuşdur.
   İkinci Qarabağ müharibəsi başlayanda cəbhəyə könüllü yollanan gənc əsgər, ilk günlərdən ön xətdə fədakarlıq nümayiş etdirmişdir. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi əməliyyatlarında iştirak edib. 26 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərdə düşmən hücumunun qarşısını cəsarətlə alarkən qəhrəmancasına şəhid olmuşdur.
   Şəhid Elvin Bayramov Bakı şəhərində, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.Ölümündən sonra    Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü""Füzulinin azad olunmasına görə" medallarına layiq görülmüşdür.
     Allah rəhmət eləsin.  Ruhun şad olsun Şəhidim!


                                                                  Şəhid Nihad Kərimli Teymur

       Şəhid Nihad Kərimli Teymur oğlu 1996-cı il iyulun 8-də Şirvan düzünün qədim məskənlərindən olan Ağdaş rayonunun Ərəbocağı kəndində dünyaya gəlmişdir. Şirvan torpağının zəhmətkeş və vətənpərvər mühitində boy batan Nihad, kənd şəraitinin ona qazandırdığı mərdlik, dürüstlük və qorxmazlıq keyfiyyətləri ilə böyümüşdür.
   2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibənin ilk günlərindən etibarən şiddətli döyüşlərə qatılmışdır. Cəbhədə göstərdiyi qeyri-adi igidliklərlə yoldaşlarının sevimliyinə çevrilən Nihad, öz canını təhlükəyə ataraq 44 döyüş yoldaşını düşmən mühasirəsindən və ölümün pəncəsindən xilas etməyi başarmışdır. Cəsur döyüşçü 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində şəhidlik məqamına yüksəlmişdir.
 Şəhidimiz doğulduğu Ağdaş rayonunun Ərəbocağı kənd qəbiristanlığında şərəflə dəfn olunmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə göstərdiyi rəşadətə görə ölümündən sonra "Vətən uğrunda" medalı və digər döyüş medalları ilə təltif olunmuşdur.
  Azərbaycan xalqı var olduqca, bu qəhrəmanların əziz xatirəsi qəlblərdə yaşayacaq. 8 iyul tarixi təqvimdə sadəcə bir təvəllüd günü deyil, həm də Vətənə can verən oğulların bizə əmanət etdiyi bir şərəf təqvimidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
  Arzu Tofiqqızı
  Sedanews.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA