Möhtəşəm Zəfərimizə görə Şanlı Ordumuza borcluyuq!

26 İyun Azərbaycan xalqının qürurla qeyd etdiyi ən əlamətdar günlərdən biridir. Bu tarix təkcə təqvimdə bir bayram deyil, dövlətimizin gücünün, xalqımızın iradəsinin və Vətən sevgisinin rəmzidir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümüdür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli ordu yaradıldı. Bununla da müstəqil Azərbaycanın peşəkar hərbi qüvvələrinin təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən isə 26 İyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ordumuz müasir silahlarla təchiz olunub, peşəkarlığı artırılıb, hərbi hazırlıq ən yüksək səviyyəyə çatdırılıb. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi qəbul edilir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi isə ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi, xalqımıza böyük Zəfər sevincini yaşatdı. Ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
Bu möhtəşəm Qələbə minlərlə qəhrəman əsgər və zabitimizin, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanıldı. Onların igidliyi Azərbaycan tarixinin ən şərəfli səhifələrinə əbədi həkk olundu. Şəhidlərimizin müqəddəs xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, qazilərimizin göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillər üçün örnək olacaq.
Bu gün Azərbaycan əsgəri təkcə Vətənimizin sərhədlərini qoruyan hərbçi deyil. O, xalqımızın qüruru, dövlətimizin dayağı, müstəqilliyimizin təminatçısıdır. Güclü ordu güclü dövlət deməkdir. Məhz buna görə də Azərbaycan Ordusu xalqla dövlətin birliyinin, milli həmrəyliyin və yenilməz iradənin simvoluna çevrilib.
26 İyun münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını, ehtiyatda olan zabitləri və Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir Vətən övladını ürəkdən təbrik edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və möhkəm can sağlığı versin. Uca Rəbbimiz Azərbaycan Ordusunu daim qüdrətli, əsgərlərimizi sağlam, Vətənimizi isə əbədi azad və təhlükəsiz etsin.
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun !
Yaşasın qüdrətli Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın müstəqil və qalib Azərbaycan!
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: