Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fərdi sahibkar Adilə Bayramova mağazasında baş verən yanğın nəticəsində əmlakına və məhsullarına dəymiş zərərə görə “Unibank” Kommersiya Bankı ASC-ni məhkəməyə verib.
Sedanews.az Modern.az-a istinadən xəbər verir ki, işin kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə aid olduğunu iddia etsə də, şikayəti təmin edilməyib.
Belə ki, fərdi sahibkar Adilə Bayramovanın “Unibank” Kommersiya Bankı ASC-yə qarşı 178 600 manat maddi ziyanın tutulması tələbi ilə bağlı məhkəmə mübahisəsində işin hansı məhkəmədə araşdırılmalı olduğu müəyyənləşib.
İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 178 600 manat məbləğində maddi ziyanın tutulmasını xahiş edib.
İş materiallarına əsasən, iddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir və mübahisənin predmetini təşkil edən əmlak onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazada yerləşib.
Adilə Bayramovanın bildirdiyinə görə, həmin mağazada yanğın baş verib və nəticədə obyektdə olan əmlaka və məhsullara ziyan dəyib. O, dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edib.
İddia ərizəsinə Nəsimi Rayon Məhkəməsində baxılarkən işin məhkəmə aidiyyəti məsələsi araşdırılıb. Məhkəmənin qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsi qərarını Mülki Prosessual Məcəlləsinin məhkəmə aidiyyətinə dair normaları və Ali Məhkəmə Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarı ilə əsaslandırıb. Məhkəmə hesab edib ki, hazırkı tələb mahiyyət etibarilə deliktdən, yəni yanğın nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş maddi ziyanın əvəzinin ödənilməsindən irəli gəlir. Bu səbəbdən işin hansı məhkəməyə aid olmasının müəyyənləşdirilməsi zamanı yalnız cavabdehin kommersiya hüquqi şəxsi olması əsas götürülə bilməz. Məhkəmənin mövqeyinə görə, zərərin yaranmasına səbəb olan hadisənin və zərər dəymiş əmlakın iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması da nəzərə alınmalıdır.
İş üzrə məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan müəyyən edilib ki, Adilə Bayramova fərdi sahibkar kimi fəaliyyət göstərir. Mübahisənin predmetini təşkil edən mağaza da onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekt olub.
İddiaçının sahibkarlıq fəaliyyəti apardığı mağazada baş verdiyi bildirilən yanğın nəticəsində həmin mağazada saxlanılan əmlaka və məhsullara zərər dəyib. 178 600 manat məbləğində tələb olunan maddi zərər də məhz həmin əmlak və məhsullara dəymiş ziyanla əlaqələndirilib.
Məhkəmə vurğulayıb ki, bu halda söhbət iddiaçının şəxsi əmlakına təsadüfi olaraq dəymiş zərərdən deyil, onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə və həmin fəaliyyət çərçivəsində istifadə etdiyi əmlaka dəymiş zərərdən gedir. Bu hal mübahisənin hüquqi xarakterinin və məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Nəsimi Rayon Məhkəməsinin işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardadı ilə razılaşmayan “Unibank” ASC şikayət verib. Bank qərardadın ləğv edilməsini və işə ümumi məhkəmədə baxılmasını istəyib.
Şikayətdə qeyd edilib ki, tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı özlüyündə mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün əsas ola bilməz. Bankın mövqeyinə görə, iddia olunan maddi ziyan tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
Şikayətdə göstərilib ki, iddianın mahiyyəti dəymiş ziyanın ödənilməsindən ibarətdir və burada hər hansı sahibkarlıq fəaliyyəti ilə bağlı münasibət mövcud deyil.
Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə “Unibank” ASC-nin şikayəti təmin edilməyib və işlə birlikdə Ali Məhkəməyə göndərilib.
Ali Məhkəmə iş materiallarını və tərəfin şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək bankın şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Unibank” ASC tərəfindən verilmiş şikayət təmin edilməyib, Nəsimi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb.
Beləliklə, Adilə Bayramovanın 178 600 manat maddi ziyanın tutulması tələbi üzrə işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, bu qərar yalnız işin məhkəmə aidiyyətinə dair məsələyə aiddir. Yəni hazırkı mərhələdə Adilə Bayramovanın 178 600 manat məbləğində zərər tələbinin əsaslı olub-olmaması barədə yekun hüquqi qiymət verilməyib. Mübahisənin mahiyyəti üzrə sübutların araşdırılması və tərəflərin tələblərinə hüquqi qiymət verilməsi bundan sonrakı məhkəmə baxışının predmetidir.