Dövlət idarəçiliyinin fundamental qaydası sadədir: hər bir vəzifə xalqa xidmət etmək üçün verilmiş bir əmanətdir. Lakin bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri bəzi məmurların bu əmanətə qarşı məsuliyyətsiz yanaşması, öz vəzifə səlahiyyətlərini lazımi səviyyədə icra etməməsidir. Bu soyuqluğun və səriştəsizliyin bədəlini isə hər zaman olduğu kimi sadə millət, xalq ödəyir.
Azərbaycan Prezidenti İlham Əliyev məmurlara dəfələrlə xəbərdarlıq edərək, vəzifənin xalqa xidmət vasitəsi olduğunu və vətəndaşlara "ağalıq" edilməsinin yolverilməzliyini vurğulamışdır. Dövlət rəhbəri dövlət-vətəndaş birliyini möhkəmləndirmək məqsədilə, qanunsuzluğa və rüşvətxorluğa yol verən məmurlar üçün sərt cəza tədbirlərinin görüləcəyini bəyan etmişdir.
Görüntü İllüziyası": Reklam və pafos real işin yerini tutanda
Əksər hallarda fəaliyyətsizliyini gizlətmək istəyən bəzi məmurlar ən asan yola əl atırlar: "görüntü yaratmaq". Dövlət əhəmiyyətli tədbirlərdə ön sıralarda dayanmaq, kameralar qarşısında bəlağətli və pafoslu çıxışlar etmək, reallıqdan uzaq və şişirdilmiş hesabatlar təqdim etmək artıq bir növ "özünümüdafiə instinktinə" çevrilib.
Bu şəxslər öz vəzifə kreslolarını illərlə itirməmək üçün real iş görmək əvəzinə, yalan məlumatlarla uğur illüziyası yaradırlar. Onlar unudurlar ki, bəzədilmiş rəqəmlər və kağız üzərindəki "uğurlar" vətəndaşın gündəlik həyatındakı problemləri həll etmir. Xəstəxanada növbə gözləyən, sosial hüququnu bərpa edə bilməyən və ya bürokratik əngəllərlə üzləşən sadə vətəndaş üçün bu pafoslu çıxışlar sadəcə qıcıq doğurur.
Ən böyük təhlükə xalqın dövlətə olan inandırıcılığın sarsılması
Bir məmurun məsuliyyətsizliyi yalnız onun şəxsi mənfi keyfiyyəti deyil. Vətəndaş qarşısında dövləti təmsil edən şəxs qanunsuzluğa və ya laqeydliyə yol verəndə, sadə insan fərdləri deyil, bütövlükdə sistemi günahlandırır.
Öz şəxsi maraqlarını və kreslosunu qorumaq üçün yalan danışan məmurlar, əslində, dövləti xalqın gözündə kiçildirlər. Onlar dövlət və vətəndaş arasındakı ən müqəddəs bağı — etimad bağını qırırlar. Bu isə hər bir cəmiyyət üçün daxildən gələn ən böyük təhlükələrdən biridir.
Amma bu kreslo sevdalılarının unutduğu çox qədim və dəyişməz bir həqiqət var: "Xalqın gözü tərəzidir". Cəmiyyət kimin canıyananlıqla çalışdığını, kimin isə sadəcə vaxt qazandığını və görüntü yaratdığını çox gözəl görür və analiz edir.
Yalan hesabatlar və pafos müvəqqəti olaraq kimisə vəzifədə saxlaya bilər, lakin bu gedişat əbədi ola bilməz. Gec-tez reallıqlar üzə çıxır və hər kəs xalq qarşısında, qanun qarşısında etdiklərinin və ya etmədiklərinin cavabını verməli olur. Çünki tarixin tərəzi heç vaxt səhv etmir.
Dövlətin gücü onun vətəndaşına verdiyi dəyərlə ölçülür. Məmurların fəaliyyətində şəffaflıq, hesabatlılıq və ən əsası vətəndaşa qarşı empatiya hissi bərqərar olunmalıdır. Kreslolar gəldi-gədardı, əbədi olan isə xalq və dövlətdir. Vəzifəsini reklam vasitəsi deyil, xidmət borcu tək görən idarəçilərin sayının artması bu gün cəmiyyətimizin ən böyük ehtiyacıdır.
Arzu Tofiqqızı Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.