sedanews.az
sedanews.az

Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq

16-09-2021, 13:17 269 dəfə baxılıb

Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq



"Azərbaycan Prezidenti rayonlara təyin olunmuş yeni icra başçıları ilə videoformat görüşündə növbəti dəfə icra başçılarının, ümumiyyətlə bütün məmurların həm öz vəzifə borclarına sadiqliyi, rəhbərlik etdikləri sahədə problemlərin aradan qaldırılmasına səriştəli münasibət göstərilməsi, həm də rəhbərlik etdikləri sahədə insanlarla münasibətləri ilə bağlı maraqlı mesajlarını bir daha təkarar etdi".
Bunu Milli.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, indiyə qədər həbs olunan və bu gün də həbsdə yatan icra məmurlarının həbsi daha çox korrupsiya ilə, rüşvətlə, dövlət vəsaitinin mənimsənilməsi ilə, himayədarlıq ilə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı olub:
"Dövlət başçısı məmurlara tövsiyə, tapşırıq və tələblər nümayiş etdirməkdə nə qədər ardıcıldırsa, çox təssüf ki, məmurların bu iradlardan və tələblərdən lazımı qədər nəticə çıxardıqlarının hələ şahidi ola bilmirik. Prezidentin tövsiyə və tapşırıqları həqiqətən tam şəkildə həyata keçiriləcəyi və onlara əməl olunacağı təqdirdə onun böyük nəticələri bu başdan şübhə doğurmur. Amma təəssüf ki, heç də həmişə məmurlar, o cümlədən də icra başçıları və icra nümayəndələri Prezidentin tapşırıq və tövsiyyələrinə lazımı məsuliyyətli yanaşmanı nümayiş etdirə bilmirlər. Tamamilə həqiqətdir ki, əgər məmurlar rüşvətxorluq və korrupsiya ilə məşğul olmasaydılar, özlərinin vəzifə səlahiyyətlərini daha çox konkret sahədə nəticələr əldə olunmasına yönəltsəydilər, qohumbazlıq etməsəydilər, inhisarçı biznesə himayəçilik göstərməsəydilər, xüsusilə də tenderlərin keçirilməsində üzgörənlik etməsəydilər doğurdan da bu gün dövlət büdcəsinin təmin olunmasında biz daha yaxşı və böyük nəticələrə çata bilərdik.  
Məntiqi olaraq nəticə bundan ibarətdir ki, biz hər il məmur özbaşınalığından, məmur rüşvətxorluğundan və məmur korrupsiyasından, qanunsuz məmur himayəçiliyi üzündən dövlət büdcəsindən milyonlarla vəsait itiririk. Eyni zamanda dövlət başçısı tam haqlı şəkildə qeyd etdi ki, bu gün bölgələrdə insanların rifahı və yaşayışı məmurların fəaliyyətindən və öz vəzifə borclarına nə qədər sədaqətlə yanaşmalarından çox asılıdır. Həqiqətən də əgər hansısa bölgədə insanların yaşayışı aşağı səviyyədədirsə, işsizlik hökm sürürsə, ədalətsizlik varsa, sosial problemlər baş qaldırırsa, bu başqa səbəblərlə yanaşı, daha çox həmin sahədə həmin ərazidə rəhbər vəzifəsini yerinə yetirən icra məmurlarının səhlənkarlığının və yaxud da ki, məqsədyönlü pozucu fəaliyyətinin nəticəsidir. Ona görə də dövlət başçısının etdiyi xəbərdarlıq yerindədir və kimsə ümid edirsə, düşünürsə ki, bu xəbərdarlıqlar da əvvəlkilər kimi bu gün deyilməyinə baxmayaraq onun sabah icrası ilə kimsə məşğul olmayacaq, təbii ki, bu, düzgün yanaşma deyil. 
Dövlət başçısının bir iradı da tamamilə haqlıdır ki, icra başçıları xüsusilə də bölgəyə xaricdən investisiyalar cəlb olunmasında öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar. Təəssüf ki, Prezidentin bu tələbi və tapşırığı artıq illərdir səslənməyinə baxmayaraq, hələ bundan lazımı nəticə çıxardan bircə nəfər də olsun icra məmuru nümunəsini görmədik. Əlbəttə, burada belə bir nəticəyə gəlib çıxmağımızın müqəssiri məhz icra başçıları və icra məmurlarının özləridir. Çünki kimsə gedib onların əvəzindən rayona, bölgəyə kənardan investisiya cəlb edə bilməz. Onu da deyək ki, icra başçılarının sahibkarlara münasibətində də fəaliyyətində çox narazılıq doğuran məqamlar var. Xüsusilə bəllidir ki, sahibkarların fəaliyyəti üçün lazımı şəraitin yaradılması və yaxud da ki, onların başını əlavə və qanunsuz tələblərlə qarışdırmaq kimi xoşagəlməyən hallara indi də rast gəlinir. Bir sözlə, dövlət başçısının bu xəbərdarlığı növbəti ciddi bir xəbərdarlıqdır. Onun nəticələrinə kimlərinsə əməl edib, etməməsi qanun müstəvisində nəzərdən keçiriləcək. Necə ki, indiyə qədər həbs olunan və bu gün də həbsdə yatan icra məmurlarının həbsi daha çox korrupsiya ilə, rüşvətlə, dövlət vəsaitinin mənimsənilməsi ilə, himayədarlıq ilə, vəzifə səlahiyyətlərindən sui-istifadəylə bağlı olub. Bundan sonra da bu istiqamətdə lazımı qanuni addımların atılacağı istisna deyil. Hər halda, Prezidentin belə sərt və konkret danışması onu nümayiş etdiri ki, Prezident bu sahədə də pozucu və yarıtmaz məmurlara güzəşt etməyəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA