Şəhadəti ilə tarix yazan komandir: Polad Həşimov
Səngərdə doğan günəş, şəhadətlə yazılan tarix: General Polad Həşimovun ömür və Zəfər yolu
Təqvim yarpaqları iyul ayını göstərəndə bütün Azərbaycanın qəlbində həm dərin bir kədər, həm də sarsılmaz bir qürur hissi baş qaldırır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, adı dillər əzbəri olan əfsanəvi komandir, Milli Qəhrəman Polad Həşimovun Vətən uğrunda şəhadət şərbətini içdiyi gündür. Onun gedişi sadəcə bir hərbçinin itkisi deyil, bütöv bir millətin oyanışı, Qarabağ Zəfərinə gedən yolun ilk böyük qığılcımı idi.
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür.
Polad Həşimov Azərbaycan ordu tarixində xüsusi bir məktəb, xüsusi bir xarakter idi. O, rütbəsi artdıqca xidmət yeri kabinetlərə deyil, səngərlərə doğru dərinləşən nadir komandirlərdən olub. Əsgəri ilə eyni qazandan xörək yeyən, yağışın, qarın altında onlarla çiyin-çiyinə duran, "Mənə tabe olun!" yox, "Arxamca gəlin!" deyən əsl lider idi.Aprel döyüşlərində göstərdiyi şücaət, strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasındakı misilsiz xidmətləri onun hərbi dühasının göstəricisi idi.
Polad Həşimovun qurduğu müdafiə xətti və hərbi taktikalar düşmən üçün keçilməz bir səddə çevrilmişdi.
2020-ci ilin iyul ayında Tovuz istiqamətində başlayan döyüşlər düşmənin növbəti təxribatı idi. Lakin bu döyüşlərdə general Həşimov ön xətdə idi. O, iyulun 14-nə keçən gecə tabeliyində olan zabit və əsgərlərlə birlikdə qəhrəmancasına döyüşərək şəhid oldu.Bir generalın ön xətdə, əsgərinin yanında şəhid olması dünya hərb tarixində az rast gəlinən hadisələrdəndir. Bu şəhadət düşmənin xainliyini gözlər önünə sərməklə bərabər, Azərbaycan xalqının içindəki yatmış vulkanı oyatdı."Mənim əsgərim soyuqda sementin üzərində yatırsa, mən isti çarpayıda yata bilmərəm."— General-mayor Polad Həşimov.
Polad Həşimovun şəhadəti Azərbaycan cəmiyyətində görünməmiş bir birlik yaratdı. Bakı küçələrinə axışan on minlərlə gənc "Polad, intiqam!" şüarları ilə orduya könüllü yazılmaq üçün növbəyə durdu. Məhz onun qanı, onun Vətən sevgisi 44 günlük Vətən Müharibəsinin mənəvi təməl daşı oldu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Şuşada, Xankəndidə, Qarabağın hər bir qarışında üçrəngli bayrağımızı dalğalandırarkən, hər bir Azərbaycan əsgərinin qəlbində həm də Polad generalın intiqam alovı yanırdı. Onun qisası alındı, ruhu bu gün şaddır!
Polad Həşimov adı bu gün təkcə küçələrdə, məktəblərdə, parklarda yaşamır. O, bu gün hər bir azərbaycanlı ailəsinin qəhrəmanlıq simvoludur. O, xalqın içindən çıxmışdı və xalqın qəlbində əbədi məskən saldı.Bu gün biz onun əziz xatirəsini ehtiramla yad edir, onun və onun timsalında bütün Şəhidlərimizin qarşısında baş əyirik. Poladlar ölmür, onlar vətənin daşına, torpağına qarışaraq əbədiyyət qazanırlar.
Ruhun şad olsun, Böyük Komandir! Vətən Səni heç vaxt unutmayacaq!
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: