Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI

Avqustun 1-dən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə kommersiya bankları arasında əldə olunmuş razılaşmaya əsasən kartdan-karta pul köçürmələri üzrə yeni limitlər tətbiq edilir. Yeni qaydalara əsasən məhdudiyyətlər köçürülən vəsaitin məbləği, əməliyyatların sayı, eləcə də istifadə olunan ödəniş kartları və elektron pul hesablarının sayı üzrə müəyyən edilir.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov ilk olaraq qeyd edib ki, bu qərar kartdan-karta pul köçürmələrinin qadağan olunması anlamına gəlmir. Məqsəd vətəndaşların gündəlik maliyyə əməliyyatlarını məhdudlaşdırmaq deyil, ödəniş sistemlərindən kommersiya fəaliyyəti və vergidən yayınma məqsədilə sui-istifadə hallarının qarşısını almaqdır. Mövcud qaydalara əsasən vətəndaş gün ərzində öz kartından 5 dəfə köçürmə edə və eyni sayda köçürmə qəbul edə bilir ki, bu da əhalinin gündəlik tələbatı üçün kifayət qədər adekvat göstəricidir.
"Son illər Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olub. "ƏDV geri al" layihəsinin tətbiqi, rəqəmsal ödəniş infrastrukturunun genişləndirilməsi və elektron bank xidmətlərinin inkişafı nəticəsində nağdsız hesablaşmaların həcmi davamlı şəkildə artır. Bu siyasətin əsas məqsədi yalnız müasir ödəniş vərdişlərinin formalaşdırılması deyil, həm də iqtisadiyyatın şəffaflığının artırılması, kölgə iqtisadiyyatının həcminin azaldılması və vergi bazasının genişləndirilməsidir.
Statistik göstəricilər də bu siyasətin effektivliyini təsdiqləyir. 2026-cı ilin ilk yarısında ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. Eyni zamanda dövriyyədə olan bank kartlarının sayı 22 milyon 798 min ədədə çataraq illik müqayisədə 10,4 faiz yüksəlmişdir. Bundan əlavə, POS-terminallar vasitəsilə həyata keçirilən hər iki təmassız ödənişdən biri artıq Apple Pay və Google Pay kimi rəqəmsal platformalar üzərindən icra olunur. Bu platformalar vasitəsilə həyata keçirilən əməliyyatların sayında 67 faiz, ümumi məbləğində isə 66 faiz artım qeydə alınmışdır. Bütün bunlar ölkədə rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyini göstərir".
Deputatın sözlərinə görə, müsbət dinamika ilə yanaşı, bəzi sahibkarlıq subyektləri qanunvericiliyin tələblərindən yayınmaq məqsədilə kartdan-karta köçürmələrdən istifadə edib:
"Belə hallarda POS-terminal vasitəsilə ödəniş qəbul etmək və kassa çeki təqdim etmək əvəzinə alıcılara şəxsi bank kartlarının nömrələri təqdim olunur, ödənişlər isə kartdan-karta köçürmə şəklində həyata keçirilirdi. Nəticədə satış dövriyyəsinin bir hissəsi rəsmi uçotdan kənarda qalır, vergi öhdəlikləri tam yerinə yetirilmir və qeyri-rəsmi iqtisadi fəaliyyət genişlənirdi.
Yeni limitlərin tətbiqi məhz bu boşluğu aradan qaldırmağa yönəlib. Məhdudiyyətlər kommersiya məqsədilə çoxsaylı kartlardan istifadənin iqtisadi səmərəliliyini azaldır və sahibkarları ödənişləri qanunvericiliyin tələblərinə uyğun şəkildə POS-terminal və kassa aparatları vasitəsilə qəbul etməyə təşviq edir. Bu isə fiskal intizamın güclənməsinə, dövriyyələrin tam uçotunun aparılmasına və vergi inzibatçılığının səmərəliliyinin yüksəlməsinə xidmət edir".
Sədr müavini onu da əlavə edib ki, digər mühüm məqam maliyyə təhlükəsizliyi ilə bağlıdır:
"Kartdan-karta köçürmələr üzərində nəzarətin gücləndirilməsi çirkli pulların yuyulması, qanunsuz maliyyə axınları, dələduzluq sxemləri və qanunsuz mərc oyunlarının maliyyələşdirilməsi risklərinin azaldılmasına da töhfə verir. Müasir maliyyə sistemlərində ödəniş əməliyyatlarının izlənilə bilməsi maliyyə sabitliyinin və maliyyə təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur.
Bu qərarın adi vətəndaşların gündəlik ödəniş davranışına ciddi təsir göstərəcəyi gözlənilmir. Əksinə, tənzimləmə kommersiya fəaliyyəti ilə şəxsi maliyyə əməliyyatları arasında sərhədlərin daha aydın müəyyənləşdirilməsinə xidmət edir. Nəticədə rəqabət mühiti sağlamlaşacaq, qanuni fəaliyyət göstərən sahibkarlar üçün daha bərabər rəqabət şəraiti formalaşacaq və dövlət büdcəsinin vergi gəlirləri artacaq".
A.Badamov qeyd edib ki, vergi daxilolmalarının artması dövlətin sosial müdafiə, təhsil, səhiyyə və infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanlarını genişləndirəcək:
"Başqa sözlə, kartdan-karta köçürmələr üzrə tətbiq olunan yeni limitlər təkcə maliyyə sektorunda inzibati dəyişiklik deyil, həm də kölgə iqtisadiyyatının azaldılması, fiskal dayanıqlığın gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edən mühüm institusional islahatlardan biridir.
Bu baxımdan yeni qaydalar həm maliyyə intizamının möhkəmləndirilməsi, həm də uzunmüddətli perspektivdə şəffaf, rəqabətli və dayanıqlı iqtisadi mühitin formalaşdırılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir", - deyə deputat fikrini tamamlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: