sedanews.az
sedanews.az

19 illik ömrünü Vətənə həsr edən qəhrəman – Şəhid Rameş Zəkiyevin doğum günündə əziz xatirəsi ehtiramla anılır

Dün, 12:16


 
   Bu gün Vətən müharibəsi şəhidi Rameş Gülverdi oğlu Zəkiyevin doğum günüdür. Cəmi 19 illik ömür yaşayan Rameş, qısa ömrünü Vətənə xidmətə həsr edərək Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində özünəməxsus iz qoydu.     
   Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində zəhmətkeş ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında atasını itirsə də, anasının zəhməti ilə böyüyüb, ailəsinin dayağına çevrilib. Təhsil aldığı məktəbdə çalışqanlığı, tərbiyəsi və vətənpərvərliyi ilə seçilib. Kiçik yaşlarından boks idman növü ilə məşğul olub, müxtəlif yarışlarda uğurlar qazanaraq Azərbaycanı beynəlxalq arenada da təmsil edib.
   2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Rameş xidmətini Ağdam rayonunun Baharlı kəndində yerləşən hərbi hissədə keçib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı minaatan kimi döyüşlərə qatılıb. Ağdam istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və igidlik göstərərək döyüş yoldaşlarının hörmətini qazanıb.
   15 oktyabr 2020-ci ildə Ağdam rayonunun Hacıməmmədli kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində iki silahdaşı ilə birlikdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun nəşi oktyabrın 20-də doğma Şahağac kəndində izdihamla torpağa tapşırılıb.
  Şəhid Rameş Zəkiyevin göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. Doğma Şahağac kəndində xatirəsi əbədiləşdirilib, adı və qəhrəmanlığı gənc nəslə örnək kimi yaşadılır.
   Bu gün Rameş Zəkiyevin doğum günü təkcə ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün əziz bir xatirə günüdür. Onun yarımçıq qalan arzuları, Vətən uğrunda göstərdiyi fədakarlıq və şəhidlik zirvəsinə ucalan şərəfli ömür yolu heç vaxt unudulmayacaq.
   Allah şəhidimiz Rameş Zəkiyevə rəhmət eləsin! Ruhu şad, məqamı uca olsun! Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

 Sevinc Salehqızı
 Sedanews.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA