Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır? - AÇIQLAMA
Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır? - AÇIQLAMA
Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda artıq su sərfiyyatı yazıldığı ilə qarşılaşırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında mübahisə yaranır.
Bu barədə açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib.
Bildirib ki, sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır:
“Orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır. Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyyat 15 kubmetrdirsə, deməli 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır”.
Qurum rəsmisi bildirib ki, bu istiqamətdə vətəndaşlar mütəmadi məlumatlandırılırlar:
“Hazırda yay mövsümü ilə əlaqədar insanlar müxtəlif yerlərə gedirlər. Evdə olmadıqlarından və ya az müddət qaldıqlarından, yazılan orta sərfiyyat real sərfiyyatdan yüksək ola bilər. Vətəndaşlar bilsinlər ki, dediyim kimi sonradan proqramsal olaraq avtomatik qaydada dürüstləşmə aparılır. Proqram təminatı elə qurulub ki, 1 kubmetr belə artıq və əskik sərfiyyat hesablana bilməz.
Bizim mexaniki sayğac göstəricilərinin təqdim olunması və hesab bildirişinin alınması ilə bağlı elektron xidmətimiz də var. Vətəndaşlar öz sayğaclarının şəklini çəkib, sayğac nömrəsini yazmaqla, “Azərsu” ASC-nin saytından, elektron hökumət portalından, elektron xidmətlərimizdən, həmçinin “Azərsu” ASC-nin “Facebook” səhifəsinin messencer bölməsindən də göstəriciləri rahatlıqla təqdim edə bilərlər ki, kənarlaşmalar olmasın”.
Mənbə: Trend.az