sedanews.az
sedanews.az

Paşinyan Azərbaycanla bağlı təcili qərarlara hazırlaşır - Nələr gözlənilir?

3-03-2022, 15:01 245 dəfə baxılıb

Armen Sarkisyanın prezidentlik postundan istefa verməsi Azərbaycanla gələcək münasibətlərin müəyyənləşdirilməsi baxımından Paşinyana bir xeyli imkanlar açmış oldu. 
Əslində Armen Sarkisyanın prezidentlik postundan istefasından cəmi bir gün sonra daxildə hər hansı bir çaxnaşmaya səbəb olacaq şayiələrə yol verməmək məqsədilə Nikol Paşinyanın ilin ilk mətbuat konfransını təşkil etməsi Sarkisyanın onun üçün bu zamana kimi nə qədər böyük maneə olduğunü nümayiş etdirirdi.
A. Sarkisyanın Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl prezident təyin olunması məsələsi də iki Ermənistan liderindən birinin əvvəl-axır postundan getməsinə səbəb olacağı ilə bağlı iddiaları daha artırırdı. Çünki Serj Sarkisyanın kadrı olan Armen heç cürə "Qarabağ klanı"nın tapşırıqları və istəklərinə qarşı gedə bilməzdi.
Əvvəl gündən Paşinyanın qəbul etdiyi qərarlarla Armen Sarkisyanın fikirlərimim ziddiyət təşkil etməsi, xüsusilə də İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra tərəflərin buna görə bir-birini davamlı olaraq ittiham etməsi, təqsirləndirməsi deyilənlərin növbəti təsdiqidir. Məhz bu narahatçılğı aradan qaldırmaq üçün Paşinyan Sarkisyanın istefası üçün əlindən gələni etdi.  
Armen Sarkisyanın istefasından sonra müxalifətin baykot edib, seçkilərə qatılmayacağını dediyi prezident seçkilərinin ilk turu bu gün reallaşıb. Lakin Ermənistanın yeni prezidentinin seçilməsi məsələsi parlamentin çərşənbə günü (bu gün) keçiriləcək iclasının gündəliyinə daxil edilsə də ölkənin yeni dövlət başçısını seçmək mümkün olmayıb. 
Yeni dövlət başçısı postuna yeganə namizəd baş nazir Nikol Paşinyanın komandasının üzvü, iqtidara loyallığı ilə tanınan yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan olduğunu nəzərə alsaq, o zaman seçkilərin ilk turunda gözlənilən nəticənin əldə edilməməsi məntiqi sonluq idi.
Bu məsələni iqtidar nöqteyi-nəzərdən Ermənistandakı çox ciddi hüquqi prosedur çatışmazlığının ayağına da yazmaq olar. Belə ki, vaxtilə Ermənistanda prezident idarəetmə formasının parlament respublikasına dəyişdirilməsi ilə konstitusiya islahatı Qarabağla bağlı danışıqlar prosesini ləngitmək və pozmaq üçün aparılmışdı. Nominal olan Ermənistan prezidenti vəzifəsinə "dövlətçiliyin təminatçısı" statusu verilmişdir, lakin bu statusun həyata keçirilməsi mexanizmi təmin edilməyib. Eyni zamanda, baş nazir ölkənin ən yüksək və ən səlahiyyətli vəzifəli şəxsi olsa da, xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Və buna görə də danışıqlar prosesində qərarlar qəbul edərkən parlamentin razılığını almalı idi. Beləliklə, Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistanda iki ali vəzifəli şəxsin səmərəli danışıqlar aparmaq üçün lazımi səlahiyyətləri yox idi. Erməni tərəfinin bu addımı da məhz buna hesablanmışdı. Lakin ermənilər özləri qurduqları tələyə düşdülər. Nəticə nə oldu?! Danışıqların pozulması 44 günlük müharibəyə və Azərbaycanın ərazilərini 30 illik işğaldan azad etməsinə gətirib çıxardı ki, bu da Ermənistanı dərin böhranla üz-üzə qoydu.
Müxalifətdə olan "Ermənistan" və "Şərəf duyuram" parlament bloklarının prezidentliyə namizəd irəli sürmək fikrində olmadıqlarını və hazırkı vəziyyətdə hətta dolayısı ilə bu seçkilərdə iştirakın və legitimləşdirilməsini qəbuledilməz və yanlış hesab etdiklərini artıq həftələr öncədən bəyan etdiklərini nəzərə alsaq, o zaman Paşinyana qarşı təzyiqləri ciddi şəkildə artıran müxalifət cəbhəsindən dəstək gözləmək sadəlöhvlük olardı.
Amma konstitusiyaya görə Ermənistanda prezidentin seçilməsi üçün üç tur seçki nəzərdə tutulur. İlk turda prezidenti seçmək üçün 107 yerlik parlamentdən minimum 81 səs tələb olunduğu məsələsinə bir də qayıtsaq, bu o deməkdir ki, Paşinyana öz namizədini irəli sürmək üçün birinci turda müxalifətin səsləri də lazım idi. Təbii ki, bu, heç cür inandırıcı görünmürdü. Amma qarşıda daha iki turun olduğunu, ikinci və üçüncü turlarda namizədlərə daha az səs (müvafiq olaraq 65 və 54 səs yeni prezidentin seçilməsinə kifayət edir - red) lazım olduğunu nəzərə alsaq, o zaman Nikol Paşinyanın istəyinə çatacağı istisna edilmir. Belə olacağı təqdirdə hakim fraksiya özü lazımi sayda səsi təmin edə biləcək. 
İndi Ermənistanda bir çox siyasi dairələr, fəallar yenidən prezident və ya yarı-prezident ölkəsi olması üçün konstitusiyaya dəyişiklik edilməli olduğu barədə fikirlər səsləndirirlər. Lakin nəzərə alsaq ki, Paşinyan parlamentə nəzarət edir, tam səlahiyyətə malikdir, faktiki olaraq təkbaşına müəyyən qərarlar və ya qanunlar qəbul edə bilir, o zaman bu dəyişikliyin onun üçün sərfəli olmadığını deyə bilərik.
Armen Sarkisyanla ulduzları heç cürə barışmayan Paşinyanın yeni prezident postuna namizədi kimi Vaaqn Xaçaturyanın irəli sürülməsi kifayət qədər məntiqli görünür. Çünkü Paşinyana Ermənistan prezidenti vəzifəsinə ambisiyaları olmayan ona tam sadiq bir adam lazımdır. 
Bu gün müxalifətin hakimiyyətə gəlmək üçün isə yalnız bir variantı qalır - hərbi çevrilişə cəhd. Bu variantı da istisna etmək olmaz. Elə seçki öncəsi Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutması müxalifətin, keçmiş "Qarabağ klanı"nın Paşinyanın planlarını pozmaqdan əl çəkməyəcəklərindən xəbər verir. Bu hadisə eyni zamanda bir daha göstərir ki, baş nazir hələ də Ordunu əlində komponentləşdirməkdə çətinlik çəkir. Demək ki, Paşinyan ciddi hərbi islahatlara əl atmazsa, onun da taleyi bir tük üzərindədir.
İndiki məqamda görünən odur ki, Xaçaturyan prezident seçiləcək. Bu proseslərin qarşıdakı günlərdə necə inkişaf edəcəyini çox yaxında daha aydın müəyyənləşdirmək imkanı yaranacaq. Amma bir şey bəllidir ki, Ermənistan Ruisyanın vasitəçiliyi ilə imzaladığı səndədlər üzərindən götürdüyü öhədlikləri yerinə yetirməyincə, manipulyasiya cəhdlərinə ara verməyincə bu ölkədə böhran vəziyyəti daha acınacaqlı hal alacaq.
Paşinyan da artıq regionda və dünyada bir dövlətin bütövlüyünün, suverenliyinin qorunub saxlanılması üçün güclü iqtisadiyyata malik olmağın nə qədər böyük üstünlük demək olduğunu dünən parlamentdəki çıxışından ("Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya məsələsi, o cümlədən Azərbaycanla sülh sazişinə dair danışıqların başlanması məsələsi var" - red) belə başa düşülür ki, gec də olsa anlamağa başlayıb. Görünür erməni baş nazir artıq başa düşür ki, Ukraynada müharibə fonunda Cənubi Qafqazda postmünaqişə dövrünün siyasi mənzərəsinin tamamlanması prosesində vaxt itimək olmaz. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA