sedanews.az
sedanews.az

Brüssel zəfəri: NATO və Avropa İttifaqından Bakıya TAM DƏSTƏK

15-12-2021, 12:45 272 dəfə baxılıb

Brüssel zəfəri: NATO və Avropa İttifaqından Bakıya TAM DƏSTƏK

Dünən Belçikanın paytaxtı Brüsseldə, NATO-nun "Şərq Tərəfdaşlığı" proqramının 6-cı sammitində Azərbaycan üçün çox önəmli danışıqlar və müzakirələr aparılıb, nəticələr əldə olunub.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və NATO-un baş katibi Yens Stoltenberqlə görüşərək danışıqlar aparandan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Eyni gündə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Ş. Mişelin öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinı çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.
Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu o deməkdir ki, Aİ tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək. Münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunur. Bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi deməkdir.
Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Və hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir.
Dünən Brüsseldə keçirilmiş görüşlərdə üç əsas, magistral istiqamət və qayət var:
  • 1. Azərbaycan-NATO əlaqələri və perspektivlər
  • 2. Azərbaycan-Avropa İttifaqı əlaqələri və perspektivlər
  • 3. Azərbaycan-Ermənistan münaqişəsinin həlli, Zəngəzur dəhlizi və sərhədin demarkasiya-delimitasiya məsələləri
Azərbaycan-NATO əlaqələri
"İlk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir".
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
"Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olub. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir", - deyə Yens Stoltenberq əlavə edib.
Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.
"Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.
İlham Əliyev iclasda iştirak edib.
İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.
İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.
... Beləliklə, Azərbaycanla-NATO arasındakı əlaqələrin bundan sonra daha intensiv və geniş miqyasda inkişafı etdiriləcəyi mesajı verilib.
Azərbaycan-Avropa İttifaqı əlaqələri və perspektivlər
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aktivinə xeyli dividentlrə yaza bilər. Brüsseldə aparılan görüşlərdə və müzakirələrdə aktiv vasitəçi rolunu oynayan cənab Mişel Azərbaycanla Ermənistan liderləri arasında görüşdə də iştirak edib.
O, 44 günlük Vətən Müharibəsindən sonra bölgədə formalaşmış yeni reallıqlarda Aİ-nin aktiv rolunun təminatı ilə bağlı ilkin konturları təxminləməyə çalışıb və istəyinə nail olub.
Avropa İttifaqı Cənubi Qafqazda geosiyasi baxımdan daha da aktivləşmək niyyətindədir və Şarl Mişel də bunu açıq dedi.
Yayılmış bəyanatda da rəsmi Brüsselin niyyəti konkret bəlirlənib.
Zəngəzur dəhlizi və sərhədin demarkasiya-delimitasiya məsələləri
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.
Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizi, habelə Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə də aydınlıq gətirib.
"Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur", - deyən İlham Əliyev sonradan sözügedən məsələni Şarl Mişelin ev sahibliyi etdiyi üçtərəfli görüşdə müzakirə edib.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, Azərbaycanın dövlət başçısı deyib: "O, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması".
Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir.
"Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.
Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik", - İ.Əliyev deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən sonra Faceğook səhifəsində belə yazıb: "Dəmiryol marşrutunun açılması ilə bağlı Azərbaycan Prezidenti ilə razılaşmamızı təsdiqlədik. Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq qarşılıqlıq, ölkələrin suvereniteti və yurisdiksiyasına uyğun çalışacaq. Ermənistan dəmiryolu vasitəsilə İrana və Rusiyaya çıxış əldə edəcək. Təmasların davam etdirilməsi ilə bağlı da razılaşdıq".
4,5 saatlıq danışıqlardan sonra isteriya
Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında sonradan Şarl Mişelin də qatıldığı,  4,5 saat davam edən müzakirələr bitəndən, bəyanatlar səslənəndən sonra Ermənistanda isteriya başlanıb.
İlham Əliyevin çıxışında Zəngəzur dəhlizində gömrük qaydaları tətbiq olunacağı təqdirdə, eyni rejimin Laçın dəhlizində olacağı barədə bəyanatı erməniləri təlaşa salıb.
Halbuki hər şey çox sadə və konkretdir.
Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.
Bu qədər bəsit.
Açıqlanan məqamı ermənilər az qala "Belə bənzətmə ilə Azərbaycan Qarabağdan imtina edir", "Qarabağın statusu məsələsi gündəmdə qalır" kimi anlayıblar və məhz bu kontekstdə isteriyaya qapılıblar.
Brüsseldə çıxışında İlham Əliyev Zəngəzür dəhlizindən danışarkən söylədi: "...with respect to the legal regime of the Zangezur corridor it should be exactly the same as the Lachin corridor".
Məhz "legal regime" - dəqiq və konkret.
"Dəhlizlərin hüquqi statusu" yox, "yolların ərazi mənsubiyyəti yox", "anklavların birləşməsi", "ərazilərin nəqliyyat əlaqəsi" və s. yox.
Sadəcə, "hüquqi rejim".

Rejim isə istifadə qaydası və şərtləridir.
Azərbaycanın dövlət başçısı sadəcə, yollardakı nəzarət-buraxılış məntəqələrindən bəhs edib. Hüquqşünaslıqda olduğu kimi, diplomatiyada da bütün məqamları bir araya gətirib qatışdırmaq olmaz: hər nüans ayrıca, təfərrüatlı şəkildə müzakirə olunmalıdır.
Zəngəzur və Laçın dəhlizləri arasındakı analogiyanın digər məqsədi Ermənistanı absurd, irrasional və ilk əvvəl ermənilərin özləri üçün çox təhlükəli xülyalarla illüziyalardan daşındırmaqdır.
Ermənilər birdəfəlik anlamalıdır ki, Zəngəzür dəhlizi layihəsinin reallaşması gecikərsə, Laçın dəhlizi "darala" bilər.
Azərbaycan Prezidenti ermənilərin absurd və marazmatik düşüncə tərzinə qapıldıqlarını bildiyindən Laçın dəhlizi ilə müqayisə aparıb.
Yəni qoy, Rusiya öz vassalını və köləsini düz yola çəksin, İrəvana təzyiq göstərsin, ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını təmin etsin ki, Qarabağda, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə qalan ermənilər ağzıbağlı kisəyə düşməsinlər.
Zəngəzur dəhlizinin reallaşması ləngiyərsə, Laçında Azərbaycanın nəzarət-buraxılış məntəqələri açılacaq - Rusiyanın sülhməramlı kontingentinin 5 illik səlahiyyət müddəti bitənə qədər.
Sonrası asandır: bu məntəqələr açılan kimi Qarabağda rusiyalı sülhməramlıların himayəsindəki ermənilər tam nəzarətə alınacaq, orada separatçıların sayı minimuma enəcək, sonra da total sıfıra yaxınlaşacaq.
Daha sonra Ermənistanla kommunikasiyalar və yollar bizim şərtlərimizlə açıla bilər - ermənilərin və onların Rusiya ilə Qərbdəki hamilərinin çox uzun çəkəcək xahişlərindən, təvəqqelərindən sonra.
Bundan savayı, İranın "Fars körfəzi-Qara dəniz" və "Şimal-Cənub" marşrutları çərçivəsində Azərbaycandan tranzit ölkə qismində yararlanmaq niyyəti də Ermənistanın ümidlərini puç edə bilər.
Ən nəhayət, unutmayaq ki, Ermənistandan Gürcüstana gedən əsas marşrutlar Azərbaycanın Ermənistandakı anklavlarından, Qazax rayonunun işğalda olan 7 kəndindən keçir.
Həmin istiqamətinsə Ermənistan üçün alternativi yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA