sedanews.az
sedanews.az

Aldadan da, aldanan da həqiqəti bilir...

31-10-2019, 11:33 643 dəfə baxılıb

Aldadan da, aldanan da həqiqəti bilir...



                                                                   

Biz tariximizin məğlubiyyət dövrünü yaşayırıq və bu uğursuzluq zolağı millət olaraq bizə elə sarılıb ki, onun düyünlərini açmaq və xilas olmaq az qala “Qordi düyünü”nə çevrilib. (Bu düyünə sonda qayıdacağıq). Yaşadığımız milli faciə yalnız Qarabağın işğalı ilə bağlı deyil. Faciə həm də ondadır ki, biz torpağımızı işğaldan azad etməyə heç bir cəhd etmirik və özümüzü aldatmaqla məşğuluq. Dərdimizə dərman ola bilməyəcək hadisələr və proseslərlə özümüzü həm aldadır, həm ovudur, həm də aldadıldığımızı dərk edə-edə, yenə də yalanlarla təskinlik tapmağı imitasiya edirik. Niyə imitasiya? Çünki, aldadan da, aldanan da həqiqəti bilir
“Yalnız məğlubiyyətlərimizi və zəif tərəflərimizi etiraf etməkdən çəkinmədiyimiz zaman, qazanmağı öyrənəcəyik”. Bu,  Leninin fikridir. Lenini sevməsək də, dünya siyasi tarixini dəyişən bu adamın bir çox fikirləri bəzən yerinə düşür, biz də məğlub durumda olduğumuzu və buna səbəb olan zəifliyimizi etiraf etməsək, millət olaraq bu bədnamçılıqdan, rüsvayçılıqdan, üzüqaralıqdan, ayıbdan qurtula bilməyəcəyik. Çox uzağa getmədən son günlərin ən çox danışılan iki hadisəsini xatırlamaqla necə acınacaqlı vəziyyətə düşdüyümüzü, daha doğrusu, necə təhqir olunduğumuzu və aldadıldığımızı göstərmək vacibdir.  
Bakıda Rusiya informasiya və mədəniyyət mərkəzi Rusiyanın dövlət xadimi Yevgeni Primakovun 90 illiyini qeyd edir, onun karyerasını əks etdirən foto sərgi nümayiş etdirilir və əlavə olaraq Slavyan Universitetində Primakov haqqında esse-müsabiqə təşkil edilir. Bizim tələbələrə Primakovu  tərif edən esselər yazdırırlar. Yevgeni Primakovun Azərbaycan xalqının tarixinə 20 Yanvar qırğının təşkilatçısı və rəhbərlərindən biri kimi düşdüyü məlum məsələdir. 18 yanvar 1990-cı ildə onun televiziyadakı çıxışı hələ də yadımdadır: “Xəbərdar edirik, bu etirazçıları biz şiddətli atəşlə məhv edəcəyik («уничтожим шквальным огнем»)”. Və etdi də. Primakov haqqında geniş danışmadan bir kəlmə ilə deyək ki, bu adamı Azərbaycan xalqı düşmən bilir və səbəbləri də bəllidir. İndi, niyə bu şəxsin yubileyinin Bakıda qeyd edilməsinə imkan verildi, daha doğrusu bu iş təşkil edildi? Bu, xalqı saymamazlıqdı, bu, xalqı heç hesab etməkdi, nəhayət, bu vassallığın əlamətidir. Rusiya üçün bu adam qiymətli ola bilər, necə ki, qatil Njde ermənilər üçün qəhrəmandır. Yeri gəlmişkən, ermənilər yeddi mindən çox azərbaycanlını Vedibasarda qayanın başından ataraq qətl etdiyinə görə Njdeyə heykəl qoyublar və Rusiyanın ona münasibətinin necə olmasından asılı olmayaraq, elə Kremlin öz dostu Serj Sarkisyanın hakimiyyəti dövründə bu addım atılıb. Erməni öz ağasının rəyini vecinə almayıb, öz “qəhrəmanını” üstün tutur, biz isə 20 Yanvar qırğınının təşkilatçısına yubiley keçirir və fikirləşirik ki, Rusiya bunu görüb bizi sevəcək. Bu sadəlövh düşüncə artıq hakim kəsilib. İndiyədək Rusiyanın xətrinə dəyməyib, bəlkə Qarabağda bir kənd almağa cəhd etmişik və Rusiya buna imkan verib, ya Njdenin heykəlini erməniyə irad bildirəndə Rusiya bizə bir kənd almağımıza şərait yaradacaq? Rusiya ilə ehtiyatlı siyasət aparmaq ayrıdır, xalqı təhqir edib az da olsa yerdə qalan heysiyyatına bu qədər ağır zərbə vurulmasına şərait yaratmaq başqa. 
 Primakovun yubileyinin Bakıda qeyd edilməsinin mədəniyyət hadisəsi kimi dəyəri və hədəfi yoxdur. Bakıdakı Rusiya informasiya və mədəniyyət mərkəzi belə mədəni tədbir keçirəndirsə, yubiley qeyd edəndirsə niyə bu il-2019-cu ildə yubileyləri olan və Azərbaycan xalqının da yaxşı tanıdığı rus yazıçıların yubileylərini qeyd etməyib? Bu cür tədbirlər qurumun fəaliyyət istiqamətinə də daha çox uyğundur. Baxın, görün, təkcə bu il hansı rus yazıçıların yubileyidir: Puşkin-220, Krılov-250, Qoqol-210, Axmatova-130, Astafyev-95,  Belyayev-135, (fantastik əsərlərin müəllifi, onun əsəri əsasında Bakıda “Amfibiya adam” filmi çəkilib), Nabokov-120, Şukşin -90 və onlarla başqaları. Bu məşhurların hansının yubileyi keçirilib və bizim  tələbələrə esse yazdırılıb? 
Deməli, məqsəd mədəni tədbir keçirmək deyil, məqsəd  Azərbaycan xalqının iradəsinin əleyhinə getməyi nümayiş etdirməkdir! Qərəz, Prmakov hekayəsi məlum.
İkinci məsələ belədir ki, əgər əvvəl qeyd etdiyimiz hadisədə təhqir olunuruqsa, burda daha çox aldanırıq və başımızın altına uzun müddətə yatmaq üçün yastıq qoyulur. Bakıda Qoşulmayanlar hərəkatının qəbul etdiyi bəyanatlardan çox danışılır, uğur kimi qiymətləndirilir. Qoşulmayanlar hərəkatının yekun bəyanatlarından biri Qarabağın Azərbaycan torpağı olması, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həll edilməsi barədədir. Çox yaxşı. Dünyanın taleyini azsaylı qoşulan dövlətlər həll etsə də, Azərbaycan üçün qoşulmayan çoxluğun da müsbət rəyi uğurludur, amma... Amma, həlledici deyil! 1961-ci ildən fəaliyyətdə olan bu təşkilat hər sammitində Fələstin barədə qətnamə qəbul edib, Fələstini dəstəkləyib və İsrailin işğal torpaqlarından çıxmasını tələb edib. 60 ilə yaxındır ki, bəlkə də Fələstin barədə elə 60-yaxın bu tip qərar qəbul olunsa da, heç bir nəticə yoxdur. BMT –də Fələstinlə bağlı qətnamələrin sayı bizimlə bağlı məlum dörd qətnamədən çoxdur, amma nə faydası. Güclü yerində oturub, bildiyini də edir. Bu faktları sadalamaqla xatırlatmaq istəyirik ki, elə bilməyin 100-dən çox ölkə bizim ərazi bütövlüyümüzü tanıyırsa, bunun nəticəsi olaraq sabah, ya da yaxın illərə Ermənistan özbaşına Qarabağı tərk edəcək və ya hesablaşmağa məcbur olacaq. Yox. Birincsi, bu işə razı olmayan dövlət, elə Rusiya olacaq, nəinki Ermənistan. İkincisi, bu cür hadisələr detaldır, təfərrüat, mahiyyət deyil və problemin həllinə təsiri yox dərəcəsindədir. Bəli, biz sabah hərb yolu ilə torpaqlarımızı azad etməyə başlayanda bu dövlətlər bizi qınamaycaqlar. Bütün pozitiv tərəflərini qeyd etməklə, bir daha xatırladırıq ki, bu cür tədbirlər və burda qəbul olunan sənədlər Qarabağ problemini kökündən həll etməyəcək və özümüzü reallıqdan uzaq düşüncələrlə aldatmayaq. Məsələnin əsas həlli Azərbaycan xalqının iradəsindən asılıdır. Torpağını azad etmək iradəsindən. O zaman girişdə qeyd etdiyimiz “Qordi düyünü”nü necə açacığımızla baş sındırmayacağıq, tarixdə bu düyünü sərkərdə İsgəndərin bir qılınc zərbəsi ilə dağıtmaq təcrübəsindən istifadə edəcəyimizə inanmalıyıq. Bu zərbə Azərbaycan əsgərinə məxsusdur! 

İlham İsmayıl 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA