sedanews.az
sedanews.az

Fermələrə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı alternativi olmayan dövlət dəstəyi göstərilir

15-05-2024, 14:38 197 dəfə baxılıb



  Bu gün ölkədə fermələrə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəyi göstərilir.
 AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov “Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərində” mövzusunda keçirilən panel müzakirəsində deyib.
  O qeyd edib ki, fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 faizini avans şəklində ödəyir, 40 faiz dövlət tərəfindən qarşılanır, digər qalıq məbləğin 5 il müddətində ödənilməsi üçün faizsiz kredit ala bilirlər.
 “Bu gün Azərbaycanda suvarılan əkin sahələrinin 10 faizində müasir suvarma sistemləri qurulub. Ənənəvi olaraq geniş yayılan selləmə suvarmadan fərqli olaraq müasir suvarma sistemləri (Pivot, damcılı və s.) məhsuldarlığı dəfələrlə artırmağa imkan verir. Ötən ildən bağçılıqda müasir suvarma sistemlərini tətbiq edən fermerlərə hər hektara daha çox subsidiyanın verilməsi və təşviqi istiqamətlərində işlərimiz davam etməkdədir”, - deyə nazir müavini qeyd edib.
 S.Cəfərov əlavə edib ki, kənd təsərrüfatı sahəsində tətbiq olunun uğurlu adaptasiya proqramlarından biri kimi Azərbaycan Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli Fərmanının icrasını qeyd etmək olar: “Burada əldə olunan yüksək məhsuldarlıq göstəriciləri dolayısı ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini, müasir suvarma sistemlərinin tətbiqinin təşviqində yeni bir alət rolunu oynayır. Proqramın gələcək hədəfi ölkədə 150 min hektarda müasir suvarma sistemlərinin tətbiq edilməsinə nail olmaqdır”.
 Nazir müavini onu da vurğulayıb ki, Azərbaycan cari ilin 11-24 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a ev sahibliyi edəcək.
 “Bu da Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin icrasına sadiq qaldığının bariz nümunəsidir. Cari ildə Kənd Təsərrüfatı Nazirliyinin xəttilə COP29-la bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq ilboyu müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Keçiriləcək bu tədbirlərin mərkəzində fermerlərimiz duracaq. Kənd Təsərrüfatı Nazirliyi olaraq aqrar siyasətimizin əsasında dayanıqlı məhsul istehsalına yönəlmiş iqlimyönümlü, dəqiq kənd təsərrüfatı metodlarından, torpaqqoruyucu və resurs mühafizəedici, dəmyə əkinçiliyində nəmlik qoruyucu texnologiyalardan istifadə edilməsi, əkin dövriyyəsinə, torpaqların dincə qoyulmasına əməl edilməsi və təşviqi duracaq”, - deyə nazir müavini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA