sedanews.az
sedanews.az

Sükan arxasında "Rus ruletkası": Yollarımızda hər il niyə yüzlərlə insan itiririk?

Bugün, 11:31


   Hər gün evdən çıxanda qayıdacağımıza əmin oluruq. Lakin statistika bizə tamamilə fərqli və qorxulu bir reallığı diktə edir. Azərbaycanda yol-nəqliyyat hadisələri sadəcə "bədbəxt hadisə" statusundan çıxaraq, milli təhlükəsizlik və demoqrafik böhran səviyyəsinə yüksəlib. Rəsmi rəqəmlər hər il yüzlərlə insanın həyatını itirdiyini, minlərlə vətəndaşın isə ömürlük əlil qaldığını göstərir. Bəs yollarımızı bu qədər qanlı edən nədir? Niyə avtomobil rahatlıq vasitəsindən ölüm maşınına çevrilir? Səbəblər zənciri təsəvvür etdiyimizdən də dərindir.

   Səbəblərlərdən biri  sükan arxasındakı naşılıq və təcrübəsizlik bu amil buz dağının yalnız görünən tərəfidir. Problemin kökündə dayanan digər fundamental səbəblər var:Sürücülük Vəsiqələrinin "alınması" və tədrisin keyfiyyəti. Bəli, gizlətməyə ehtiyac yoxdur: yollarda sürücülük mədəniyyətinin olmamasının əsas səbəbi elə sürücülük vəsiqəsinin verilməsi mərhələsindən başlayır. Avtomobil məktəblərinin bir çoxunda real praktiki biliklər verilmir, imtahanlar bəzən formal xarakter daşıyır. Nəticədə, yol nişanlarını tanımayan, ötmə qaydalarını bilməyən, sadəcə "qaza basmağı" bacaran minlərlə sürücü yollara axışır.    Digər səbəblərdən biri sürət həddi və "Şou" marağı. Azərbaycanda, xüsusilə gənclər arasında sürət həddini aşmaq bir qəhrəmanlıq, avtomobili yüksək sürətlə idarə edib sosial şəbəkələrdə paylaşmaq isə trend halına gəlib. "Mənə heç nə olmaz" arxayınlığı və adrenalin axtarışı çox vaxt idarəetmənin itirilməsi və dəhşətli toqquşmalarla nəticələnir.Bu qəzaların baş verməsi səbəblərdən biri:  İnfrastruktur qüsurları və işıqlandırma problemidir. Bu gün Bakıda və  magistral yolların bəzi hissələrində infrastruktur hələ də beynəlxalq standartlara cavab vermir.  Xüsusilə Bakı ətraf qəsəbə və kəndlərdə, rayonlararası yollarda gecə işıqlandırılmasının olmaması, piyada keçidlərinin düzgün yerləşdirilməməsi və ya görünməməsi,  eləcə də yolların keyfiyyətsiz örtüyü qəza riskini dəfələrlə artırır. (faktiki olaraq Masazır qəsəbəsi Ə.Vahid küşəsi)

  Texniki Baxışın Formal Xarakteri və Köhnə Avtomobillərdə bu səbələrdən biri sayılır. Belə ki, ölkənin avtomobil parkının əhəmiyyətli hissəsi köhnə və təhlükəsizlik sistemləri (ABS, hava yastıqları və s.) müasir tələblərə cavab verməyən nəqliyyat vasitələrindən ibarətdir. Texniki baxış prosesinin effektiv təşkil olunmaması yollarda hər an tormozu sıradan çıxa biləcək "saatlı bombaların" hərəkət etməsinə şərait yaradır. 

Sonuncu amillərdən biri piyada məsuliyyətsizliyidir. Qəzalarda yalnız sürücüləri günahlandırmaq haksızlıq olardı. Yeraltı və yerüstü keçidlərdən istifadə etməyib, sürətli magistrallarda həyatını təhlükəyə ataraq yolu qaçaraq keçən piyadalar da bu qanlı statistikanın əsas iştirakçılarıdır.  

   Bu problemi yalnız cərimələri artırmaqla həll etmək mümkün deyil. Kompleks və radikal addımların atılması qaçılmazdır:

  Bunun üçün təhsil və imtahan sistemi tam şəffaflaşdırılmalıdı: Sürücülük vəsiqəsinin verilməsi prosesi tam avtomatlaşdırılmalı, insan faktoru minimuma endirilməlidir. Praktiki imtahanlar real yol şəraitində, ekstremal vəziyyətlərdə idarəetmə bacarıqlarını yoxlayacaq səviyyədə çətinləşdirilməlidir.
  İnfrastruktur Yenilənməlidir: Xüsusilə qəzaların tez-tez baş verdiyi "qara nöqtələr" müəyyən edilməli, yolların işıqlandırılması, radar sistemlərinin coğrafiyası genişləndirilməlidir. Piyadalar üçün maneəsiz və təhlükəsiz keçidlər qurulmalıdır. 
  Sosial qınaq və maarifləndirmə prosesi güclənməlidi: Bağçalardan və məktəblərdən başlayaraq yol hərəkəti qaydaları icbari olaraq tədris edilməlidir. Televiziyalarda və sosial mediada qəzaların qorxunc nəticələrini göstərən, insanları düşünməyə məcbur edən sosial çarxlar geniş yayımlanmalıdır. Sürət həddini aşan, qaydaları pozan şəxslər cəmiyyət tərəfindən qəhrəman yox, "potensial qatil" kimi qəbul edilməlidir.
 Və sonuncu ən ümdəsi: Nüfuzundan və vəzifəsindən asılı olmayaraq, qaydanı pozan hər kəs qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Kameraların görmədiyi boşluqlar aradan qaldırılmalıdır.
    Yol qəzaları sadəcə rəqəmlərdən ibarət statistika deyil. O rəqəmlərin arxasında yarımçıq qalmış arzular, atasız-anasız qalan körpələr, övlad dağı çəkən valideynlər dayanır. Avtomobilə əyləşərkən qaydaları pozmaq, sürət həddini aşmaq təkcə öz həyatımızla deyil, günahsız insanların taleyi ilə oynamaqdır.Unutmayaq: Yollarda mədəniyyət və məsuliyyət artmadıqca, biz hər il yüzlərlə insanımızı yollarda "dəfn etməyə" davam edəcəyik. Seçim bizimdir – mənzil başına 5 dəqiqə gec çatmaq, yoxsa bu dünyaya vaxtından tez vida etmək?

  Sevinc Salehqızı   

    Sedanews.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA