Şəhid ölməz, Vətən bölünməz

Şəhidlik hər bir xalqın tarixində ən uca zirvə, ən müqəddəs məqamdır. Bu zirvəyə yüksələn oğullar və qızlar öz həyatlarını Vətənin azadlığı, torpaqların bütövlüyü və xalqın təhlükəsizliyi naminə qurban verirlər. Onların hər biri Azərbaycanın qəhrəmanlıq salnaməsində silinməz iz qoyaraq əbədiyyətə qovuşur.
Bu gün – 7 may tarixində dünyaya göz açmış şəhidimizin doğum gününü ehtiramla yad edirik. Şəhid Samir bir zamanlar ailələrinin sevinci, valideynlərinin ümidi, dostlarının ən yaxın sirdaşı idi. Uşaqlıq arzuları, gənclik xəyalları və gələcəklə bağlı planları vardı. Lakin Vətən təhlükə qarşısında qalanda öz rahatlıqlarını deyil, xalqın taleyini düşündülər və müqəddəs savaş yolunu seçdir
Bu gün dünyaya göz açan Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Allahverdiyev Samir Elçin oğludur. O, futbolçu kimi karyerasında böyük zirvələr fəth etmək arzusunda idi. Lakin torpaqlarımızın bütövlüyünü hər şeydən üstün tutaraq kiçikdən böyüyə hər kəsin qəlbində ən uca məqama yüksəldi, şəhid oldu.
Samir 2001-ci il iyunun 7-də Lənkəran şəhərində dünyaya göz açıb. Uşaqlıqdan gülərüz, şən və zarafatcıl olan Samir hər kəsin sevimlisinə çevrilmişdi. Orta məktəbi yaxşı qiymətlə bitirən qəhrəmanımız evin sonuncu övladı idi. O, futbolçu olmaq, Vətənimizi xaricdə layiqincə təmsil etmək istəyirdi.
2019-cu ildə əsgərliyə yollanan Samir nümunəvi xidmətinə görə qısa müddətdə manqa komandiri olur. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində şiddətli döyüşlərə atılır. Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə müzəffər Ordumuzun hər bir üzvü kimi düşmənə qarşı rəşadətlə vuruşur.
Şəhidin anası Könül Allahverdiyeva deyib: “Samir sonuncu dəfə oktyabrın 20-si səhər mənimlə danışdı. Dedi ki, hər şey yaxşıdır, narahat olmayın. Döyüş yoldaşları deyirlər ki, müharibə zamanı o, hamını qoruyurdu. Yağış yağanda çətir düzəldər, dostlarını başına yığardı ki, üşüməsinlər. Öz yemək payını hər kəslə paylaşırdı. Çox mərd və istiqanlı idi. Ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi. Allah da onu ən böyük zirvəyə ucaltdı”.
Samir oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən qızğın döyüşlərdə yaralansa da, dostlarını tək qoymur, düşmənə qarşı son nəfəsinədək vuruşur. Bu, onun son döyüşü olur.
Atası Elçin Allahverdiyev Samirin hələ uşaqlıqdan vətənpərvər böyüdüyünü söyləyib. “Bütün tədbirlərdə həmişə Azərbaycanın müqəddəs bayrağını tutub fəxr edərdi. Müddətli hərbi xidmətdə idi. Əsgərliyinin başa çatmasına 3 ay qalmışdı. Vətən müharibəsində hər kəs kimi, o da döyüşlərə atıldı. Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Mən oğlumla fəxr edirəm”, - deyə o vurğulayıb.
Samir ailənin kiçiyi olsa da, qəhrəmanlığı ilə yadda qaldı. Qardaşı Aqşin Allahverdiyev bildirib ki, onunla həmişə fəxr edəcək. Çünki torpaqlarımızın azad olunmasında Allahverdiyevlər ailəsinin də payı var.
Samir Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimiz öz qanları ilə şanlı tarix yazdılar. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevrildi.
Allah Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: