Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər.
İkinci Fəxri Xiyabanda bu gün də həmişəki kimi bir izdiham yaşandı. Bu gün şəhid Samir Əliyevin 25 yaşı tamam oldu.
Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərində anadan olan Samir Əliyev 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayan leytenant Əliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Sentyabrın 29-da Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv edərək düşmən tankını geri çəkilməyə məcbur edən Samir yaralanmasına baxmayaraq digər yaralı yoldaşlarına kömək edərək onları təhlükəli ərazilərdən çıxarıb.
İgid Samir Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. O, II Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, Samir Əliyev ölümündən sonra prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən III dərəcəli "Rəşadət" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Samir Əliyevin doğum günü münasibətilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşlarının, Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhid Leytenant Samir Əliyevin timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin, şəhid ana-bacıların, valideyinlərinin qarşısında baş əyirik. Qəhrəman analar sağ olun, Allah hər birinizə səbr versin! Bu gün Şəhidlərimizin sayəsində bayrağımız Ulu və əzəzmətli Qarabağ torpaqlarımızda dalğalanır. Və bu gün yüzlərlə insanın öz doğma yurdlarına qayıtması sizin fədakarlığınız sayəsindədi. Sözsüz ki, bütün bunlar Prezidentimiz Ali Baş Kamandan İlham Əliyevin yürütdüyü siyasətin, vaxtında qəbul etmiş qərarların sayəsində baş tutdu. Tarixdə olmamış 44 gün ərzində belə zəfər məhz dəmir yumruğun ətrafında ordunun, xalqın sıx birləşməsinin sayəsində çaldıq. Və bu birliyi qoruyub, gələn nəsillərə ötürmək, bizim müqəddəs borcumuzdu. Şəhid ölməz, Vətən bölünməz!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.