sedanews.az
sedanews.az

Azərbaycan polisi bu addımı ilə tarix yazdı

31-05-2019, 11:52 800 dəfə baxılıb

Azərbaycan polisi bu addımı ilə tarix yazdı



                Dünən ölkəmizdə UEFA Avropa Liqasının final oyunu baş tutdu. Təxminən 1 milyarda yaxın insanın izlədiyi bu oyuna ölkəmiz çox möhtəşəm şəkildə ev sahibliyi etdi. Xüsusilə hüquq mühafizə orqanlarının yüksək səviyyədə asayişi, nizam-intizamı qoruması cəmiyyətdə rəğbətlə qarşılandı. 
Bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ötən gün paytaxtımızda “Çelsi” və “Arsenal” klubları arasında keçirilən Avroliqanın final oyunu haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan polislərinin göstərdiyi xidmət çox təqdirəlayiqdir:
“Azərbaycan polisi dünən gücləndirilmiş iş rejiminə keçmişdi. Polislərin metrolarda, xüsusilə insanların sıx olduğu yerlərdə nizam-intizamı çox dəqiq və heç kimi narahat etmədən tənzimləməsi diqqətdən qaçmadı. Azərbaycan polisi son dərəcə peşəkarlıq, yüksək mədəniyyət nümayiş etdirdi. Bəzi “Arsenal” azarkeşləri “Mxitaryan” yazılmış forma geyinərək, polisimizi və ictimaiyyətimizi provokasiyaya çəkməyə çalışsa da, onların bu niyyəti fiaskoya uğradı. Xüsusi olaraq qeyd edim ki, məhz bu fakt rusiyalı idman yazarlarının da diqqətindən yayınmadı və onlar bunu xüsusi olaraq vurğuladılar.
Bu final qarşılaşması göstərdi ki, biz həm dövlət, həm də xalq olaraq belə mötəbər turnirlərə təkcə iqtisadi-sosial baxımdan deyil, psixoloji baxımdan da tam hazırıq. Ötən gün sabitliyin və təhlükəsizliyin qorunması üçün xüsusən peşəkar, yüksək rütbəli zabitlərimiz böyük fədakarlıqlar etdilər. Təsəvvür edin, onlar 15 saatdan çox ayaq üstə qaldılar ki, insanlar oyuna rahat gedib-gəlsin, turistlər hər hansı problemlə rastlaşmasın. Xatırlatmaq yerinə düşər ki, Avroliqanın əksər final oyunlarında azarkeşlər arasında böyük toqquşmalar yaşanır. Xüsusən, əgər bir yerdə çılğın ingilis fanatları varsa, orada çox vaxt qanlı insidentlər yaşanır. Dünən isə polislərimizin sayəsində Bakıda belə hallara rast gəlinmədi. Biz bir vətəndaş kimi polislərimizə təşəkkür etməliyik. Belə deyə bilərik ki, ötən gün Azərbaycan polisi tarix yazdı”.
Jurnalist Ceyhun Musaoğlu da Azərbaycan polislərinin göstərdiyi xidməti yüksək qiymətləndirdiyini qeyd edib:
“Dünən Azərbaycan polisinin davranışı çox yüksək səviyyədə idi. Onlar azarkeşlərin rahatlığı üçün asayişi tam qoruyurdular. Hətta erməni əsilli futbolçu “Mxitaryan” yazılı köynəyi geyinən şəxslərə polislərimiz çox mədəni şəkildə yaxınlaşaraq, xəbərdarlıq etdilər və heç bir qarşıdurmanın yaranmasına yol vermədilər. Həmçinin dünən heç bir yerdə polislə qarşıdurma halı yaşanmadı. Ümumiyyətlə, Azərbaycan polisinin davranışı alqışalayiqdir və bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycan insanların rahat yaşadığı, hüquqların tam qorunduğu bir ölkədir”.
Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlı polislərin ötən gün mədəni və alicənab davranışının bütün dünyaya nümunə olduğunu bildirib:
“Dünən Azərbaycan polisi həm yerli əhalinin, həm də turistlərin təhlükəsizliyini çox peşəkar şəkildə qorudu. Onların mədəni davranışı xarici mediada da çox yüksək qiymətləndirildi. Bütövlükdə bu oyunun təşkilində bütün dövlət orqanları çox operativ şəkildə çalışdılar. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq tam şəkildə təmin olunur”.
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli isə polislərin göstərdiyi xidmətin xarici turistlər tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb:
“Ümumiyyətlə, yarış çox gözəl təşkil olunmuşdu. İstər stadionda, istər şəhərdə olan təhlükəsizlik yüksək səviyyədə qorunurdu. Bəzi antiazərbaycan qüvvələri yarışdan əvvəl çalışırdı ki, Azərbaycan haqqında mənfi rəylər formalaşdırsınlar, lakin istəklərinə çata bilmədilər. Biz bu yarışın öhdəsindən çox uğurla gəldik. Avroliqa dünyada Çempionlar Liqasından sonra ikinci mötəbər yarışma hesab olunur və bu yarışmada emosiyalar, həyəcan pik həddə çatır, qarşıdurmalar yaşanır. Lakin Azərbaycan polislərinin səyi nəticəsində ötən gün yarışmanı çox rahat şəkildə keçirə bildik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA