sedanews.az
sedanews.az

Tutalım, bütün dünya yandı, kül oldu, sonra?

4-03-2022, 14:55 245 dəfə baxılıb

Elə axmaq dövrə gəlib çıxmışıq ki, bilmirsən sabaha sağ-salamat çıxacaqsan, ya yox? Bu gün səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye Atom Elektrik Stansiyada yanğın baş verib. 

Son məlumata görə, Zaporojye vilayətində yerləşən Atom Elektrik Stansiyanın (AES) korpusunda başlayan yanğın artıq söndürülüb. Təsəvvür edin ki, sönməyəydi və bütün region üçün hansı faciə baş verərdi. Partlayış, radiasiya axını və s. Çernobıl hadisəsinin fəsadları hələ də qalmaqdadır. Əlillər, xəstələr...
Bütün bu müsibətin içində bir anlıq düşünürsən ki, illərdir hansısa dəyər və məqsədlər üçün döyüşməyin sən demə heç bir mənası yox imiş. Artıq 9-cu gündür ki, Ukraynada savaş dayanmır. Xalq dirəniş göstərir. Uşaqlı-böyüklü, qocalı-cavanlı. 
Körpələr artıq həyəcan siqnalının səsini eşidən kimi bilirlər ki, zirzəmiyə düşmək lazımdır. Atılan raketlərdən onları rütubətli, qaranlıq zirzəmi qoruyacaq. Bir də analarının isti qucağı. Keçən 9 gün ərzində zirzəmidə nə qədər körpə doğuldu, neçəsi sağ qaldı. Dünyanın ən üfunətli yeri, bu axmaq dünyada körpələr üçün nicat yeri oldu. 
Dünənki məlumata əsasən artıq bir milyon qaçqın Ukraynanı tərk edib. İnsanlar humanitar faciə yaşayır. Adicə ağrıkəsici belə tapmaq mümkün deyil. İnsanlar yüzlərlə kilometrlik tıxaclarda oturub yolların açılmasını gözləyir. Bəxtləri gətirsə, başlarına rus raketi düşməsə sərhədi keçəcəklər, gətirməsə də, heç nə... 
Kiyev, Xarkov dayanmadan bombalanır. Sanki şəhərləri yer üzündən silmək, yandırıb kül etməkdir məqsəd. 
Tutalım, bütün dünya yandı, kül oldu. Sonra? 
Biz müharibənin hər üzünü görən xalqıq. İllərlə çadırda böyüyən millətik. Aclıq da görmüşük, səfalət də. Evimizdən ayaqyalın qaçıb, yurdumuza tank üstündə qayıdan millətik. Ona görə də, Ukrayna xalqının dərdini hamıdan yaxşı biz başa düşürük. 
Bu günlər ərzində Ukraynada yaşayan azərbaycanlıların etdiyi humanitar yardımları da, Bakıdan sadə insanlar tərəfindən göndərilən yardımları da izləyəndə adamın sabaha ümidi yaranır. Bu gün heç kim üçü asan deyil. Amma bizim bu gün göndərəcəyimiz bir qutu uşaq yeməyi, raketlər altında, zirzəmidə pənah tapan hansısa körpə üçün həyatı vacib ərzaqdır. O sizin sayənizdə sağ qalacaq. O sizin mərhəmət və xeyirxahlığınız sayəsində sabaha sağ çıxacaq. Sabah səmadan qara buludlar çəkiləndə, o yenə güləcək. Dünyanın bu başında yaşayan azərbaycanlının onun gülüşündə payı olacaq. Xeyirxah olmaqdan qaçmayın. Dünyanın sonu gəlsə belə, mərhəmət hissindən uzaq düşməyin. Uşaqların əlini buraxmayın!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA