Ağ ev Qafqazda gah sülhə çağırış edir, gah da İrəvanı silahlandırır
44 Günlük Vətən müharibəsindən və 23 saatlıq antiterror əməliyyatlarından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Regionda yeni tarixi reallıqlar yarandı. Bu qələbədən, Cənubi Qafqazda gedən bu siyasi proseslərdən sonra leksionumuzda bir kəlmə daha tez tez işlənməyə başladı. "İkili standart" Keçmiş münaqişə və post-müharibə dövründə Azərbaycan və Ermənistana münasibətdə ikiüzlü siyasətin hər zaman şahidi olmuşuq. Ermənistan işğalçı münasibəti görmür, Azərbaycan qədər Ermənistan da Qərbdən yardım alır və sair. Bu siyahını çox uzatmaq olar. Elə bu siyahının başında gələn, heç vaxt da öz yerini başqasına verməyən Birləşmiş Ştatları nümunə gətirək. Amerika Birləşmiş Ştatlarının Ermənistana və Azərbaycana siyasi baxışı necədir? Sualının cavabı leksikonumuzda tez tez istifadə olunan kəlmədir. İkili standartlar çərçivəsində. Bu bu gün də davam edir. Son günlər qarşımıza hansı xəbərlər çıxır? "USAID Ermənistanı revanşizmə sürükləyir" ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana yardımı Birləşmiş Ştatların dəyişən mövqeyini bir daha sübut edir. Gah tərəfləri sülhə səsləyib, gah da yeni münaqişə yaratmaq üçün tərəflərdən birini silahlandırmaq hansı məntiqə sığır? Və ya heç bir məntiqə sığmır. Birləşmiş Ştatlar üçün ilk növbədə maraqlar gəlir. İdealist xarici siyasət ənənəsinin əsasını qoyan prezident Vudro Vilsonun da “ABŞ maraqları hər şeydən öndədir” fikri burda tam yerinə düşür. Hazırda dünyada aktiv müharibələr də davam edir. Ukrayna-Rusiya cəbhəsində, Yaxın Şərqdə. Bir-birinə zidd mövqeləri Ağ ev burda da sərgiləyir. Ukrayna hadisələri zamanı ərazi bütövlüyünə vurğu etdikləri halda, Cənubi Qafqazda gözləmə siyasəti politoloqları düşündürür. Onların fikrincə, ABŞ-in prioriteti ikili oyun oynamaqdır. Öz maraqlarına görə Qərb Ermənistan və ya Azərbaycanın yanında dayanır. Yaxşı yadımızdadır ki, ötən ilin bu günlərində Azərbaycanın tarixi şəhəri olan Xankəndidə qondarma “seçkilər” keçirilmişdi. Ağ ev buna da susmuşdu. Qınamaqla bağlı bir cümlə də belə işlətməmişdi. Məsələləri tam başqa yerə yönəltmişdi. Necə deyərlər, avazın yaxşıdır, əgər oxuduğun Quran olsa. Azərbaycanın göndərdiyi ərzaqla dolu yük maşınları həftələrlə Ağdam yolunda gözləyirdi. Həqiqətən də Rəsmi Vaşinqton görmürdü ki, “türkün göndərdiyi ərzağı qəbul etməyəcəm” deyən erməni qadının videosu bütün hər yeri zəbt etmişdi? bu videonun okeanın o tərəfində yayımlanması qadağan olunmamışdı axı? Hələ bu ən kiçik hadisə idi. Ən böyüyü isə "biz sülhü dəstəkləyirik" deyib, Ermənistanı pulla ələ almasıdır.
Biz əslində bu riyakar planla əvvəl də tanış olmuşduq. Bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşü yəqin ki bizim yadımızdadır. "Bu görüş Azərbaycana qarşı deyil" deyilsə də sonra ortaya çıxan məsələlər bunun əksini əsk etdirirdi. Ermənistan-ABŞ birgə təlimləri hər şeyi çılpaqlığı ilə ortaya qoyurdu. Aprel ayının üzərindən 5 ay keçib. İndi isə ABŞ Ermənistana milyonlar ayırır.
Bu qənaətə gəlirik ki, Birləşmiş Ştatlar Ermənistanın hər zaman maraqlarına xidmət edib. Samanta Pauerin qatı ermənipərəst olması da burda xüsusi rol oynayır. Özünü hər addımda büruzə verir. Bir daha Amerika Birləşmiş Ştatlarının Ermənistana və Azərbaycana siyasi baxışı necədir sualının cavabı aydın olur...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.