sedanews.az
sedanews.az

Ərzaq bahalaşmasının əsas səbəbi

5-01-2022, 15:36 500 dəfə baxılıb

                      Ərzaq bahalaşmasının əsas səbəbi 


Hazırda dünya bazarında əlverişli qiymətə ərzaq tapmaq ciddi problemə çevrilib və 2021-ci il bu məsələdə Birləşmiş Millətlər Təşkilatının statistika aparmağa başladığı son 50 il üzrə ən çətin dövr sayılır. Yəni ərzaq qiymətlərinin, xüsusilə də buğdanın bir ildə 35 faiz, son 2 il yarımda isə 80 faiz bahalaşması dünya ərzaq bazarı üçün son 50 il üzrə ən ciddi çağırış sayılır.
Milli.Az RealTV-yə istinadən xəbər verir ki, BMT ərzaq qiymətləri ilə bağlı statistikanı 1961-ci ildən aparmağa başlayıb və indiyə kimi ən çətin dövr 1973-74-cü illərin neft böhranı dövrü sayılırdı. Onda ərəb ölkələri ərəb-İsrail münaqişəsinə etiraz əlaməti olaraq qərb ölkələrinə neft ixracını dayandırmışdılar və yanacaq qıtlığı nəticəsində Avropada sahələr əkilməmiş qalmışdı, təbii ki, ciddi bahalaşma olmuşdu.
2020-ci ildə pandemiya üzündən Avropada bir çox gübrə zavodlarının öz işini dayandırması da təxminən eyni nəticə verib. Bunu Avropanın rəhbərliyinin "yaşıl enerjiyə" keçidlə bağlı buraxdığı siyasi səhvlər üzündən son altı ayda yaşanan qaz böhranı da körükləyib və məsələn, karbamidin qiyməti 2 dəfə bahalaşaraq 650 dollara qalxıb. Kalium və fosfat gübrələri də 2-3 dəfə bahalaşıb. Bu da öz növbəsində ərzaq qiymətlərinin bahalaşmasına səbəb oldu.
Lakin bu hələ son deyil və qərb ekspertləri vəziyyətlə bağlı ümidsizdirlər. Onlar bazara təsir edən əsas amil kimi Çində 2015-ci ildən bu yana baş verən prosesləri göstərirlər. Bildirirlər ki, 2015-ci ildən başlayaraq Çində ərzaq, xüsusilə buğda istehsalı ölkənin urbanizasiya ilə bağlı artmaqda olan istehlakını qarşılaya bilmir. Səbəb kimi torpaqların vəziyyətinin pisləşməsi və fermerlərin kəndləri qoyaraq şəhərə köçməsini göstərirlər. Qərb dairələri bildirirlər ki, məhz bu səbəbdən Çin dünya bazarından fəal ərzaq almaqla, son bir neçə ildə öz ehtiyatlarını 20 faiz artırıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirməsinə görə, Çin öz anbarlarında dünya qarğıdalı ehtiyatının 69 faizini, düyünün 60 faizini, buğda ehtiyatının 51 faizini, soya paxlası ehtiyatının 30 faizini saxlayır.
Çin isə bu iddialarla razılaşmır. Buğda istehsalı üzrə dünya lideri olan bu ölkə 2014-cü ildə 126,1 milyon ton buğda yığıb və bu, dünya üzrə buğda istehsalının 17,3 faizinə bərabər olub. 2020-ci ildə isə bu ölkənin buğda istehsalı 134 milyon tona qədər qalxıb. Yəni Çin urbanizasiya ilə bağlı daha keyfiyyətli qidalara keçmiş əhalisinin artan tələbatını təmin etmək üçün buğda istehsalını artırıb.
Amma istənilən halda, Çinin bazara təsiri olub və Pekinin öz ərzaq ehtiyatını ilyarımlıq istehlaka çatdırması bahalaşmanı sürətləndirən amilə çevrilib. Bazarda yaranmış bu yeni çağırış dünyanın ərzaq idxal edən əksər ölkələrini ciddi problem qarşısında qoyub və bu problemin nə vaxt həll ediləcəyi bilinmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA