sedanews.az
sedanews.az

Quba Regional Mərkəzi Xəstəxanasında baş verənlər “ailə idarəçiliyi”? – Şəffaflıq niyə təmin olunmur, yoxlamaların nəticəsi niyə gizlədilir?

16-10-2025, 13:55



      Səhiyyə sistemi hər bir ölkənin güzgüsüdür — və bu güzgüdə ilk növbədə şəffaflıq, məsuliyyət və insan amili əks olunmalıdır. Lakin Quba Regional Mərkəzi Xəstəxanasında baş verənlər bu prinsiplərin pozulduğunu göstərir. Vətəndaş müraciətləri cavabsız qalır, yoxlamaların nəticələri gizlədilir, rəhbərlik isə mətbuat və ictimaiyyət qarşısında susqunluq nümayiş etdirir.
Son aylarda xəstəxanada vətəndaşlardan “Forma 88” sənədi üçün 100 manat məbləğində pul alınması barədə çoxsaylı şikayətlər daxil olub.
Hüquqşünaslara görə, bu, açıq-aşkar qanunsuz ödəniş hesab olunur və vətəndaş hüquqlarının pozulması deməkdir.

 Səhiyyə müəssisəsində bu cür qeyri-rəsmi tələblərin olması həm etik, həm də hüquqi baxımdan yolverilməzdir.
Məsələ ilə bağlı redaksiyamız baş həkim Əliyar Sərvərovla əlaqə saxlamağa cəhd edib. Lakin nə telefon zənglərinə cavab verilib, nə də görüş üçün imkan yaradılıb. Əksinə, zənglərin üzə bağlanması və telefonun sonradan söndürülməsi bu məsələdə ictimai hesabatlılıqdan yayınma kimi dəyərləndirilə bilər.
Dövlət müəssisəsinin rəhbəri vətəndaşların suallarına cavab verməlidirsə, bu susqunluq hansı səbəbdən?
İşçilər və pasiyentlərin bildirdiyinə görə, xəstəxanada baş həkimin həyat yoldaşı da kurator vəzifəsində çalışır. Bu isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə görə, maraqlar toqquşması kimi qiymətləndirilə bilər.


 Eyni müəssisədə, birbaşa tabelik münasibətində olan qohumların çalışması həm etik, həm də inzibati baxımdan risklidir. Çünki bu, obyektiv qərarların qəbuluna, işçi bölgüsünə və ümumi iş mühitinə mənfi təsir göstərir.
Xəstəxananın əməkdaşları arasında narazılıq artmaqdadır. Şikayətlərə əsasən, vəzifə bölgüsü və işə qəbulda qohumluq əlaqələri üstünlük təşkil edir. “Ailə çevrəsi”nə daxil olmayan əməkdaşlar təzyiq və laqeyd münasibətdən şikayətlənirlər.
 Pasiyentlər isə saatlarla qəbul gözləyir, sənədləşmə və yönləndirmələrdə çaşqınlıq yaranır. Xəstəxananın həyəti və daxili sanitar vəziyyəti də redaksiyaya daxil olan məlumatlara görə acınacaqlı durumdadır.
Məlumata görə, 2024-cü ildə aidiyyatı qurumlar tərəfindən Quba Regional Mərkəzi Xəstəxanasında ciddi yoxlamalar aparılıb. Lakin bu yoxlamaların nəticələri nə ictimaiyyətə təqdim olunub, nə də pozuntularla bağlı konkret tədbirlər      görülüb.
 Əgər yoxlamalar formal xarakter daşıyıbsa, bu, artıq sistemli məsuliyyətsizlikdir. Əgər real nəticələr var idisə, niyə ictimaiyyətdən gizlədildi?
Bu suallara hələ ki, cavab yoxdur:
Baş həkimin həyat yoldaşının kurator vəzifəsində işləməsi faktı doğrudurmu?
Əgər doğrudursa, bu iş bölgüsü hansı hüquqi əsasla aparılıb?
2024-cü ildə aparılan yoxlamaların nəticələri niyə açıqlanmayıb?
İşçilərin əməkhaqları niyə gecikdirilir?
İşə qəbul və vəzifə bölgüsündə şəffaflıq necə təmin olunur?
Səhiyyə Nazirliyi və digər nəzarət qurumları bu iddialarla bağlı araşdırma aparacaqmı?


     Bu gün səhiyyə sahəsində etimadın bərpası üçün cavabdehlik və şəffaflıq zəruridir. Dövlət müəssisələri şəxsi münasibətlər və qohumluq dairəsinin yox, peşəkarlığın   idarə  etdiyi          məkan         olmalıdır.
Mövzu ilə bağlı bizi izləyin. Araşdırmalar davam edir. Qarşı tərəfin mövqeini bilməyə hazırıq. 
Afət Məmmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA