Bakıya səfərə gələn Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə birgə ziyarət etdiyi pravoslav kafedral kilsəsi barədə mediada yanlış məlumatlar yazılır. Bu kilsənin adı “Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı” deyil. 1907-ci ilə qədər Bakıda bu kilsənin yerində taxtadan pravoslav kilsəsi fəaliyyət göstərirdi və orda ibadətə rus əsgərləri gəlirdi. 1901-ci ildə əsgərlərin sayının çoxalması və ibadətə gələnlərin sayının artması ilə əlaqədar Rusiya İmperiyası Tikinti Komissiyası tərəfindən təsdiq edilmiş hərbi kilsələr üçün standart layihəyə uyğun olaraq, burada geniş kilsə tikilməsi plana salınır. Bunun üçün memar Fyodor Mixayloviç Verjbitski dəvət edilir və 1908-ci ilin 6 mayında Bakıda kilsənin bünövrəsi qoyulur, 1909-cü ilin 6 dekabrında təntənəli açılışı olur. Açılışda Bakının varlı ailələri və rus hərbçiləri iştirak edir. Rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov da Bakıya açılış üçün gəlir.
Qeyd edim ki, kilsənin tikilişinə təkcə Hacı Zeynalabdin Tağıyev ianə etmir, Bakının digər imkanlı şəxsləri ianə edirlər.
Bu layihə üzrə Rusiya imperiyasında ən azı 64 belə kilsə tikilmişdir. Kilsənin adı “Arxangel Mixayıl” olaraq qeydə alınır. Kilsə 206-cı Salyan piyada alayı üçün nəzərdə tutulmuşdu.
1920-ci ilin aprelində Bakı bolşeviklər tərəfindən işğal ediləndə talançılıq məqsədi ilə kilsəyə girənlərlə keşişlər arasında mübahisə düşür. Qızıl ikona və şamdanları oğurlamağa mane olmağa çalışan baş yepiskop yerində güllələnir.
Bolşeviklər dinə qarşı mübarizə aparmağa başlayandan sonra bura anbara çevrilir və un, düyü və digər ərzaq malları burda saxlanılır.
1970-ci illərdə burada topoqrafik xəritələr üçün anbar var idi, sonradan başqa yerə köçürüldü. Və kilsədə idman zalı qurulur. 1988-1989-cu illərdə kilsə paraşütçülər üçün kazarma kimi istifadə olunub. 1990-cı il martın 2-də gecə saatlarında kilsədə yanğın baş verib - dam örtüyü yanıb-uçub, döşəmə çöküb, divarlar çatlayıb. 1991-ci ildə çox zədələnmiş kilsə binası Rus Pravoslav Kilsəsinə verilib.
Məbədin tavanını və divarlarını rəngləmək üçün məşhur rus rəssamları dəvət olunub. Layihənin sponsoru Aydın Qurbanov idi. Onun maliyyə dəstəyi sayəsində Rus Pravoslav Kilsəsinin "Sofrino" müəssisəsində kilsə qabları və aksesuarları üçün böyük bir sifariş verilib. Kilsədə şəhərin himayədarı olan Həvari Bartolomeyin qalıqları da saxlanılır.
Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona “baş kafedral kilsə” statusu vermişdir və Bakıda “Arxangel Mixayıl” adlı başqa kilsə olduğu üçün buranın adını "Jen Mironosits" Pravoslav Kafedral Kilsəsi elan etmişdir.
Mətbuat və sosial şəbəkələrdə adı “Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı” kimi yazılır. Mür - xristianlıqda insan bədəninin məsh mərasimində istifadə edilən xüsusi hazırlanmış və təqdis edilmiş aromatik yağdır. Bu yağ dəriyə vurulur ki, çürüməsin və dərini parlaq etsin. İndi də efir yağı kimi istehsal edilir.
Şirin və odunlu kola qoxusu olan yağın qəhvəyi maye rəngi var.
Bu qadınlar isə şənbə günündən sonrakı ilk gün səhər dirilmiş İsa Məsihin məqbərəsinə ətir və mürlə gələnlərdir. Mürdaşıyan qadınlar pravoslav təliminə görə Məryəm, Marfa, Lazarın bacıları, Kleopas Məryəm və Susannadır.
Mironosits - mür daşıyanlar deməkdir.
Yeganə kilsələrdən biridir ki, burada Azərbaycan dilində dualar və ibadətlər edilir.
Axar.az Müəllif Zaur Əliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.