Ön Asiyada və Cənubi Avropada ən önəmli təbii qaz qovşaqlarından biri roluna yiyələnməyə başlamış Türkiyənin aktivləşməsi və güclənməsi çoxlarını narahat edir.Rəsmi Ankara Avropa Birliyini "mavi yanacaq"la təmin edən marşrutların əsas hissəsinin keçdiyi ölkə ilə yanaşı, bilavasitə qaz satıcısına çevrilmək niyyətindədir.
Məhz "mavi yanacaq" Türkiyəyə düşmən mövqe tutan Yunanıstan, Kipr, Fransa və Ermənistanın az qala uniya yaratmalarına, Liviyadakı mövqelərini itirmək istəməyən və Aralıq dənizindəki "təbii qaz kökəsi"ndən pay qoparmağa çalışan Misirin də Ankaraya qarşı sərt mövqe tutmasına səbəb olub.
Türkiyənin "Fatih" qazma gəmisi Qara dənizdə böyük qaz yatağı kəşf edib. Yatağın ilkin ehtiyatları 320 milyard kubmetr həcmində dəyərləndirilir.
Qara dənizdə iri yataq aşkarlayan, habelə Aralıq dənizində ərazi sularında və Cənubi Kipr Türk Respublikasının sahilləri yanında geoloji-kəşfiyyat işləri apararaq böyük qaz yataqları tapan Türkiyə sənaye potensialını artırmaqla yanaşı, özünün enerji təhlükəsizliyini təmin edir və regionda ən ciddi geosiyasi oyunçuya çevrilməkdədir.
Sadəcə, bir fakt: 2019-cu ildə sırf təbii qaz istehlakçısı olan və 44 milyard kubmetr qaz alan Türkiyə az sonra təbii qaz ixaracatçısına dönəcək.
Qara dənizdə aşkarlanmış "Tuna" təbii qaz yatağının ehtiyatlarının 60 milyard dollar səviyyəsində olduğunu nəzərə alsaq, o, 2010-cu ildən bəri Norveçin Şimal dənizində aşkarladığı yataqların hamısından böyükdür. Tək bu yataqdan ildə 10-15 milyard kubmetr təbii qaz hasil etməklə Türkiyə "mavi yanacağa" olan illik tələbatının 30 faizini ödəyə bilər.
Məhz bu səbəbdən Aralıq dənizindəki situasiya kritik həddə çatıb. Türkiyənin geoloji-qazma və kəşfiyyat işləri apardığı şelfi Yunanıstanla Kipr öz əraziləri sayır. Avqustun ortalarında Cənubi Kipr Türk Respublikasının yaxınlığındakı mübahisəli bölgəyə "Oruc Reis" geoloji-kəşfiyyat gəmisini yollayan Türkiyənin bu qərarı Yunanıstanı, sözün əsl mənasında, çılğına döndərib.
Yunanıstan ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi, mübahisə rayonuna hərbi gəmilərini yolladı. Avqustun 27-də isə Yunanıstan parlamenti Aralıq dənizində dəniz zonalarının müəyyənləşdirilməsi ilə bağlı Misirlə anlaşma imzaladı.
Türkiyənin öz bölgəsi hesab etdiyi dəniz şelfinin hissəsi bu anlaşmaya görə Yunanıstan suları sayılır. Fəqət, Türkiyə geri çəkilməyəcək: Ankara mübahisəli bölgələrdə təbii qaz yataqlarının kəşfiyyatını davam etdirir.
Nə Ankara, nə də Afina güzəştə getmək niyyətində deyillər. Problemi həll etmək üçün vasitəçilik etməyə çalışan Fransa və o cümlədən Avropa Birliyi açıq-aşkar Afinanın tərəfini tutublar.
Üstəlik, Avropa Birliyinin xarici siyasət komissarı Jozep Borrenl bəyan edib ki, Türkiyə Aralıq dənizində qaz yataqlarının kəşfiyyatını dayandırmasa, Yunanıstan və Kiprlə danışıqlara başlamasa, Ankaraya qarşı sanksiyalar tətbiq olunacaq.
Danışıqlarda irəliləyiş və Ankaranın mövqelərində dəyişikliklər olmazsa, bu ayın sonunadək Türkiyəni yeni sanksiyalar gözləyir.
Yunanıstan, Fransa və Kiprin məqsədi Aralıq dənizinin şərqindəki şelf yataqlarından çıxarılacaq təbii qazı Kipr və Krit adalarından keçməklə Yunanıstana nəql edəcək "EastMed" boru kəməri layihəsini reallaşdırmaqdır.
Avropa ölkələrinin əksəriyyəti bu layihənin reallığına inanmamaqla yanaşı, Türkiyədən Rusiya qazını alırlar. Bu yaxınlarda isə Azərbaycanın təbii qazı TAP marşrutu ilə Avropa Birliyinə nəql olunacaq.
Bu səbəbdən də Türkiyə ilə münasibətlərin gərilməsi ciddi problemlər vəd edir.
ABŞ və Rusiya yaşananları hələlik şərh etməyərək gözləmə mövqeyi tutublar. Lakin Vaşinqtonla Moskvanın susqunluğu çox davam etməyəcək.
Ermənistan isə vəziyyətdən faydalanmağa çalışır, Türkiyəyə qarşı mövqe tutmuş dövlətlərlə münasibətlərini aktivləşdirərək situasiyadan faydalanmağa can atır.
Rəsmi İrəvan indi ərəb ölkələri, xüsusilə də Aralıq dənizindəki olaylar və Liviyadakı proseslərə görə Türkiyə ilə münasibətlərini daha da gərginləşdirmiş Misirlə təmaslarını aktivləşdirib.
Qahirəyə yollanmış Z.Mnasakanyan orada həmkarı Sameh Şükri ilə danışıqlar aparandan sonra Misir prezidenti Əbdel Fəttah əs Sissi ilə də görüşüb.
Daha sonra isə Misirdəki erməni icmasının rəhbərləri ilə Z.Mnasakanyanın müzakirələri olub.
Z.Mnaskanyanın dediyinə görə, "Ermənistan regional və beynəlxalq sülhlə təhlükəsizliyin təminatı üçün bütün ərəb ölkələri ilə sıx əməkdaşlığa" hazırdır.
Halbuki Ermənistan XİN başçısının "ərəblərlə dostluq və əməkdaşlıq"la bağlı bəyanatı, xüsusilə də regional və qlobal sülhlə təhlükəsizlikdən bəhs etməsi ikiüzlülük yox, siyasi əxlaqsızlıq nümunəsidir.
Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.
1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.
Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici işlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyyatdan başqa bir şey deyil.
Göründüyü kimi, erməni diplomatiyası xarici siyasət kursunu dəyişməyib: İrəvanın başlıca məqsədi Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirməkdir.
Türkiyə birmənalı olaraq Bakını dəstəkləyir. Lakin Yunanıstan, Kipr və Misir Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfini tutacaqlarmı? Çətin.
Rəsmi Qahirə üçün ermənilərlə əməkdaşlıq yalnız antitürk ritorikası müstəvisində maraqlı olsa belə, Misirlə Ermənistan arasında belə "işbirliyi"nin perspektivləri və hüdudları naməlumdur. Çünki Misir ermənilərlə bəhs etdiyimiz sahədə əlbir olaraq Ankara ilə münasibətləri aşkar düşmənçiliyə çevirmək istəmir.
Zöhrab Mnaskanyan bunu dərk etdiyindən Qahirədə olarkən "Türkiyənin hakimiyyət dairələrinin anti-erməni siyasət"indən və qondarma "erməni soyqırımı"ndan çox danışdı.
Amma nə mənası olacaq ki...