sedanews.az
sedanews.az

Etibarlı tərəfdaş

Dün, 12:10


Məlum olduğu kimi, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. İclasda 24 ölkə və Avropa İttifaqı nümayəndələri, 7 beynəlxalq maliyyə institutu, 42 enerji şirkəti, həmçinin nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli təmsilçilər iştirak ediblər.
      Qeyd edək ki, tədbir çərçivəsində Prezident İlham Əliyev ölkəmizin qaz təchizatının Avropa coğrafiyasında genişlənəcəyindən, qazpaylama şəbəkəsinin yaradılması istiqamətində bəzi Avropa ölkələrində işlərin aparıldığından bəhs edib. İclas zamanı dövlətimizin başçısı investorlarla müqavilələrin imzalandığını vurğulayıb: "Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində". Yeri gəlmişkən, tədbirdə müzakirə olunan əsas mövzulardan biri Azərbaycanın "yaşıl enerji"sinin Avropaya ötürülməsinə imkan verəcək "Black Sea Energy" sualtı kabelinin tikintisi ilə bağlı olub. Layihənin icrasına 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq sazişi imzaladıqdan sonra başlanılıb. Çəkiləcək kabel 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda olmaqla Avropanı 4 GVt-a qədər bərpaolunan enerji ilə təmin edəcək. İclasın açılış sessiyasından sonra nazirlər sessiyası, "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar", "Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalar keçirilib. Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa təşkil olunub. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransı keçirilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü 2015-ci ilin fevral ayından etibarən hər il keçirilir. Tədbir Avropanın enerji təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli qərarların qəbulu üçün əsas platformadır. Hər il keçirilən iclaslar layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin dayanıqlılığının təmin edilməsinə xidmət göstərir. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji xəritəsini dəyişən qlobal enerji marşrutudur. Dəhlizin təməli 1997-ci ildə qoyulub. Xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin praqmatik və uğurlu siyasəti nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə dövlət başçımızın Cənub Qaz Dəhlizinin dörd layihəsini - "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncamından sonra dəhliz tam işlək vəziyyətə gətirildi və Azərbaycan təbii qazı Avropaya çatdırıldı. 2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir. Bu baxımdan resurslarının şaxələndirilməsində mühüm əhəmiyyətə malik Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Dəhlizin hazırkı gücü ildə 10 milyard kubmetrdir. Azərbaycandan qaz idxal edən dövlətlər tədarük həcminin artırılmasına təşəbbüs göstərirlər. Məhz bununla bağlı Azərbaycan və Avropa İttifaqı 2027-ci ilə qədər dəhlizin ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər genişləndirilməsinə dair memorandum imzalayıb. Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinin digər mühüm şərti uzunmüddətli qaz tədarükü müqavilələridir. Bu kontekstdə Moldova Respublikasının Baş naziri Dorina Reçana son bəyanatlarında ölkəsinin Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin imzalanmasında maraqlı olduğunu bildirib. Bolqarıstan da Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Dövlətimiz tərəfdaşlarının artan tələbatını ödəməyə hazır olduğunu təsdiqləyib.
        Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və tərəfdaşlarımızın coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir: "On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq".
Prezident İlham Əliyevin enerji siyasəti davamlı inkişafın təmin edilməsində, xarici investisiyaların cəlb olunmasında, dövlətimizin regionda və onun hüdudlarından kənarda enerji əməkdaşlığının aparıcı qovşağı kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır. Məhz bunun nəticəsidir ki, bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir. Bütövlükdə Avrasiyanın enerji xəritəsində mühüm mövqeyə malik boru kəməri sistemi enerji təhlükəsizliyində və beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır.
      Ən əsası, geniş coğrafiyanı əhatə edən Cənub Qaz Dəhlizi qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur hekayəsidir.


Şahlar Məmmədov,
YAP Göygöl rayon təşkilatı uzrə Gəncə Regional Qaz İstismar İdarəsinin Göygöl Xidmət Sahəsi ərazi partiya təşkilatının sədri 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA