Problemli kreditlər niyə artır?
Ölkə üzrə problemli, yəni vaxtı ötmüş kreditlərin məbləği ilin əvvəlindən bəri artmaqda davam edir ki, bu da diqqəti cəlb edir. 2025-ci il avqustun 1-i tarixinə sözügedən məbləğ 529.4 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 17.9% və ya 80.3 milyon manat çox deməkdir. Son bir ildə isə problemli kreditlər 16.7% və ya 75.7 milyon manat artıb.
Vaxtı ötmüş kreditlərin məbləği niyə artır ?
Məlum olduğu kimi, 2015-ci ildə ölkəmizdə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Nəticədə problemli kreditlərin məbləği iki milyard manata yaxınlaşmışdı. Bu məsələ düz, dörd il həllini tapa bilmədi. Yalnız cənab Prezidentin 2019-cu il fevralın 19-da imzaladığı müvafiq Fərmanla problem həllini tapdı. Belə ki, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Və bununla da qeyd olunan kreditlər üzrə məbləğ azaldı.
Pandemiyadan sonrakı, yəni 2021-ci ildən isə ölkədə problemli kreditlər yenidən artmağa başladı. 2022-ci ildə proses nisbətən zəifləsə də 2023-cü il və ötən il ərzində tendensiya yenidən öz məcrasına qayıtdı. Cari ildənsə yuxarıda qeyd etdiyim kimi temp daha çox sürət alıb.
Səbəb odur ki, iqtisadiyyatda canlanma yarandı. İşgüzar aktivlik bərpa olundu və sair. Yəni, banklara kredit müraciətləri genişləndi. Burada əhalinin gəlirlərinin yüksəlməsi də rol oynadı. Lakin...
Hər şey paralel olaraq getmədi və real olaraq da getmir.
Məsələ bundadır ki, problemli kreditlər üzrə məbləğin artmaması və şişməməsi üçün gərək, iqtisadiyyatdakı canlanma, işgüzar aktivlik və əhalinin gəlirlərindəki yüksəliş davamlı xarakter daşısın. Özü də hər üçü bərabər şəkildə... Belə ki, məsələn, iqtisadi canlanma və işgüzar aktivlik zəiflədiyi fonda əhalinin gəlirlərində yüksəliş istər-istəməz bahalaşma və inflyasiya yaratmalıdır və yaradır da. Və bunun da nəticəsində banklardan götürülən borc vəsaitlərinin geri ödənişində problemlər ortaya çıxır.
Ümumiyyətlə, ölkədə problemli kreditlər üzrə məbləğin bir müddətdir artmaqda davam etməsində bir neçə amilin rolu və təsiri var. Bunlardan birincisi yenə həmişə olduğu kimi istehlak kreditləridir.
Banklar əvvəlki kimi qeyd olunan növ üzrə kreditləşdirmədə maraqlıdır və bunun üçün demək olar çox geniş spektrdə təbliğat siyasəti yürüdürlər. Nəzərə almırlar ki, bununla borclanmanın lüzumsuz yerə şişməsinə xidmət göstərməklə əslində, özlərinə problem yaradırlar.
Cari ilin təkcə iyul ayında bankların biznes kreditləri portfeli 87.9 milyon manat azaldığı halda, istehlak kreditləri portfeli 103.9 milyon manat, ipoteka kreditləri isə 10 milyon manat artıb.
Digər amil isə kredit faizlərinin yüksək olmasıdır. Götürülən kreditlər üzrə faizlər sabit qaldığı halda bahalaşma və inflyasiya real gəlirləri əritdiyi üçün borc vəsaitlərinin geri ödənişi dalana dirənir. Yəni dolanışıq şərtləri və tələbi getdikcə sərtləşdiyi üçün bank qarşısında öhdəliklər icrası qeyri-mümkün məsələ halına gəlib çıxır. Bu zaman günah kimin ayağına yazılmalıdır? Təbii ki, bankların, o səbəbdən ki, kredit vəsaiti verdikdə ümumi iqtisadi gedişatı nəzərə almırlar, bütün riskləri hesablamırlar.
Sözün qısası, problemli kreditlərin məbləğində artım tempində sürətlənmə ciddi narahatlıq doğurmalıdır. Düzdür, problemli kreditlərin ümumi kredit portfelində çəkisi hələ təhlükəli həddə deyil. Cari ilin iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib ki, u nisbət iyunun sonuna da 1.7%, ötən il dekabrın sonuna 1.5%, ötən il iyulun sonuna isə 1.7% olub.
Lakin 2019-cu ildəki kimi, Prezidentin nə vaxtsa yenidən bu məsələyə müdaxilə edəcəyini gözləmək lazım deyil.